Azərbaycan Avropa Şurasına (AŞ) ən son daxil olan 5 ölkədən biridir.
Hər hansı dövlət AŞ-yə üzv olandan sonra insan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasını ratifikasiya edir, vətəndaşları da Avropa Məhkəməsinə üz tutmaq hüququ qazanır. Bu anlamda, 16 ildir ki, Azərbaycan vətəndaşlarının da belə bir hüququ var.
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 68 illik fəaliyyəti dövründə yüzlərlə qərarından cəmi 12-də Konvensiyanın 18-ci maddəsinin pozuntusunu tanıyıb (“hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri” maddəsi nəzərdə tutulur). Bu 12 pozuntunun 7-si Azərbaycanın payına düşür.
Sözü gedən 18-ci maddənin izahı belədir: “Hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır”. Başqa sözlə, bu maddə dövlətin öz vətəndaşlarının hüquqlarını hər hansı məqsədlə məhdudlaşdırmasını qadağan edir.
ReAl partiyasının sədri İlqar Məmmədovun, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin, hüquq müdafiəçisi Rəsul Cəfərovun, NİDA hərəkatının fəallarının şikayətləri üzrə qərarlarda AİHM ərizəçilərin həmin hüququnun pozulduğunu təsdiqləyib. Bu qərarların dördü elə bugünlərdə çıxarılıb.
“Bu qərarlar təsdiqləyir ki, hakimiyyəti həbslərlə qoruyurlar”
İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov AzadlıqRadiosu-na bildirib ki, Avropa Məhkəməsi onun həbsilə bağlı şikayətinə baxarkən, bu həbsin əsaslı şübhələrə dayanmadığı, siyasi motivlərlə gerçəkləşdiyi nəticəsinə gəlib:
“Avropa Məhkəməsinin qərarında da göstərilib ki, 2014-cü ildə Azərbaycanda QHT-lərə qarşı təzyiq dalğası başlanıb, yüksək vəzifəli şəxslər vətəndaş cəmiyyəti təmsilçilərinə qarayaxma kampaniyası aparıblar və sair. Qərarda yazılıb ki, bizə qarşı ittihamda əks olunanlar həmin vəzifəli şəxslərin səsləndirdiyi fikirlərdən fərqlidir. Hətta mən iddia olunduğu kimi, qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməsəydim belə, buna görə həbs olunmaya, inzibati xəta kimi, cərimələnə bilərdim. Avropa Məhkəməsi bütün bunları nəzərə alaraq, o nəticəyə gəlib”.
Azərbaycanın 18-ci maddə üzrə qərarların sayı baxımından Avropa Şurasına üzv ölkələr arasında “liderliyinə” gəlincə, Rəsul Cəfərov deyir ki, ölkədəki vəziyyət bunu diqtə edir.
Onun sözlərinə görə, özəlliklə son beş ildə Azərbaycanda siyasi motivli həbslərin sayı artıb:
“Hökumət yerli və beynəlxalq qınaqlara əhəmiyyət vermədən, istədiyi adamları çox asanlıqla uzunmüddətli həbsə göndərir. Azərbaycanın bu məsələdə “lider” olması həm də onun təsdiqidir ki, bu ölkədə hakimiyyəti legitim yollarla yox, qanunsuz həbslərlə, təqiblərlə qorumağa çalışırlar. Azərbaycan hakimiyyəti özünü belə neqativ məsələdə önə çıxardığına görə utanmalıdır. İnanmasam da, ümid etmək istəyirəm ki, bundan dərs çıxaracaqlar”.
SSRİ dağıldı, 18-ci maddə “işə düşdü”
Avropa Konvensiyasının 18-ci maddəsi üzrə təxminən 50 il heç bir qərar çıxarılmayıb. Yalnız postsovet ölkə vətəndaşları Avropa Məhkəməsinə şikayət etmək hüququ qazanandan sonra bu maddə işləklik qazanıb.
İndiyədək çıxarılmış 12 qərarın hamısı keçmiş sovet ölkələri ilə – yeddisi Azərbaycan, ikisi Ukrayna, biri Rusiya, biri Moldova və biri də Gürcüstanla bağlıdır. Ərizəçilər arasında Ukraynanın sabiq baş naziri Yuliya Timoshenko da var.
Belə qərarların sayı artacaq
Hüquqşünas Xalid Bağırov deyir ki, Avropa Məhkəməsi bütün faktları araşdırıb, tam əmin olmasa, 18-ci maddənin pozuntusunu tanımır: “Hətta Mixail Xodorkovskinin işində tərəddüd elədi…”
Hüquqşünasın sözlərinə görə, bu maddənin Konvensiyaya daxil edilməsinin məqsədi üzv dövlətlərin öz vətəndaşlarının hüquqlarını siyasi məqsədlərlə məhdudlaşdırmasının qarşısını almaq, antidemokratik hakimiyyətlərin fəaliyyətinə maneə yaratmaq olub.
Azərbaycandan ilk dəfə 2014-cü ildə ReAl sədri İlqar Məmmədovun həbsilə bağlı verilən qərarda bu pozuntu tanınıb.
Xalid Bağırov hesab edir ki, Azərbaycana qarşı işlərdə 18-ci maddə üzrə qərarların sayı artacaq. O fikrini belə əsaslandırır:
“18-ci maddə üzrə bir çox işlər kommunikasiya mərhələsindədir. Aralarında artıq kommunikasıyası bitib, qərar çıxarılma mərhələsində olanlar da var. Bizimlə bağlı indiyə qədər olan yeddi qərarın hamısı həbs şikayətləri üzrə verilib. Amma bu maddə təkcə həbsi yox, ümumiyyətlə, hüquqların məhdudlaşdırılmasını, yəni həbsdən başqa da təzyiqləri nəzərdə tutur”.
Azərbaycanla bağlı qərar çıxarılan işlərin əksəriyyətində Avropa Məhkəməsi 18-ci maddənin pozulub-pozulmaması məsələsini öz təşəbbüsü ilə araşdırıb.
Azərbaycan rəsmiləri isə bildirirlər ki, Azərbaycanda heç kim siyasi motivlərlə həbs olunmur.
“Azərbaycanda heç kim öz siyasi baxışlarına görə həbs olunmur. Ölkədə siyasi məhkumlar yoxdur”.
Bu, prezident İlham Əliyevin sözləridir.