Bazar ertəsi Ali Məhkəmədə bloger Mehman Hüseynovun kassasiya şikayətinə baxılıb.
M.Hüseynovun işinə ikinci dəfədir ki, Ali Məhkəmədə baxılır.
Birinci dəfə təkrar məhkəmə istintaqının aparılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Lakin Apellyasiya instansiyası faktiki olaraq istintaq aparmayıb, ötən ilin oktyabrında çıxarılmış hökmü qüvvədə saxlayıb.
Xatırladaq ki, blogerin həbsinə 2017-ci ilin yanvarında Bakının mərkəzində oğurlandıqdan sonra polisdə işgəncəyə məruz qalması barədə bəyanatı səbəb olub. Buna cavab olaraq Nəsimi Rayon Polis İdarəsinin rəhbəri Musa Musayev böhtanla bağlı iddia qaldırıb.
Martın 3-də Suraxanı Rayon Məhkəməsi M.Hüseynovu böhtanda (CM-in 147.2-ci maddəsi) təqsirli bilərək iki il azadlıqdan məhrum edib.
Bugünkü iclasda M.Hüseynov özü iştirak etməyib. O, prosesdə iştirakdan imtina edir. Vəkil Fuad Ağayev M.Hüseynovun işini hüquq praktikasında nonsens adlandırıb. Çünki 147-ci maddə (böhtan) üzrə iddianı ancaq fiziki şəxslər qaldıra bilər.
İndiki halda Nəsimi polisinin rəisi qurumun adından M.Hüseynovun cəzalandırılmasını tələb edib. Vəkil diqqəti ona yönəldib ki, polis M.Hüseynovun böhtan söylədiyinə sübut təqdim etməyib.
Jurnalist bildirib ki, onun başına torpa keçirərək şəxsi maşında polisə aparıblar. Polisdə müşahidə kamerasının olmasına baxmayaraq, M.Hüseynovun polisə aparılmasına dair kadrlar məhkəməyə təqdim edilməyib. Eyni zamanda polis bildirib ki, M.Hüseynovu Nəsimi polisinə post-patrul xidmətinin polis avtomobilində aparıblar.
Vəkilin fikrincə, Ali Məhkəmə özünün əvvəlki qərarına sayğısız yanaşıb. Belə ki, əvvəlki qərarda Apellyasiya Məhkəməsi təkrar istintaq keçirməyə və Nəsimi polisindəki kadrlara baxılmasını təmin etməyə çağırılırdı.
Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.