İyunun 10-da Saatlı rayonunun Smada kəndində zəhərlənənlərin sayı 24 nəfər olub.
Azadlıq Radiosunun məlumatına görə, onlardan ikisinin vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Qalanlarının müalicəsi Bakıda və rayonda davam etdirilir.
Bu barədə Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Adəm Əliyev məlumat verib. Onun sözlərinə görə, kütləvi zəhərlənməyə məruz qalanlardan 4 nəfərinin vəziyyəti xüsusilə ağır olduğundan Respublika Toksikoloji Mərkəzinə göndərilib: «Rayon xəstəxanasında 18 nəfər müalicə olunur. Onlardan iki nəfərinin vəziyyəti daha çox narahatlıq doğurur».
Rayon sakinlərinin bildirməsinə görə, zəhərlənənlər Sabirabad rayonunun Nəsimi kəndindəndirlər.
«Onlar Saatlının Smada kəndində pambıq tarlasında günəmuzd işləyiblər. Zəhərlənənlərin 7-si kişi, qalanları qadındır, əsasən gənc yaşdadırlar», - deyə adının çəkilməsini istəməyən bir şəxs vurğulayıb.
Zəhərlənənlərdən 2-si evə buraxılıb «Zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan 20 nəfərdən 2-si evə buraxılıb».
Bunu Azərbaycan Səhiyyə Nazirliyindən bildiriblər.
Nazirlikdən verilən məlumata görə, qalan 18 nəfərin müalicəsi isə davam edir.
Nazirlik həmçinin, zəhərlənənlərdən 4 nəfərinin Bakı Şəhər Toksikologiya Mərkəzinə yerləşdirildiyini təsdiq ediblər.
Zəhərlənənlərin 4-ü Bakıdadır Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərləndiyi bildirilən işçilərdən 4-nün Bakıya göndərilməsini Toksikologiya Mərkəzindən də təsdiq ediblər.
Mərkəzdən bildirildiyinə görə, bu xəstələrin Bakıya göndərilməsi qərarı Saatlıya ezam olunan həkimlərin tövsiyəsi ilə verilib .
Onların 4-nün də toksikologiya şöbəsinə yerləşdirildiyi açıqlanıb.
Həkimlər bu 4 şəxsin durumunu orta ağır hesab edirlər.
+++
Dünən, iyunun 10-da Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə baş verdiyi bildirilir.
APA-nın xəbərinə görə, hadisə rayonun Smada kəndində qeydə alınıb.
Tarlada işləyən 20-dən çox şəxsin kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir. Xəbərə görə, onların pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədilə istifadə edilən kimyəvi maddədən zəhərləndikləri bildirilir.
Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən işçilərdən 4-ü Bakıya göndərilib.
«Report» isə xəbər verir ki, iyunun 10-da zəhərlənənlərlə bağlı Bakı şəhərindən bir qrup həkim Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub.
Həkimlər xəstəxanada yerləşdirilən xəstələrin vəziyyəti ilə tanış olaraq onlara lazımi tibbi yardımlar göstəriblər. Onların məsləhəti ilə 4 zərərçəkənin Bakıya göndərildiyi qeyd edilir.