Elnur Musayev Bədəl
Sən hər şeyə qadir Allah deyilsən Sən qəlbi qaranlıq allahısan. Quldurların allahı, onların hamisi və ruhu , səni lənətləyirəm (M.Bulqakov).
Azərbaycan diasporasının son 30 ildə görə bilmədiyi işi erməni əsilli idmançı Qeqard Musasi 4 dəqiqə ərzində həyata keçirdi. Söhbət Bellator MMA idman təşkilatının bu ilin mayın 25-də Londonda keçirdiyi yubiley, möhtəşəm idman yarışı – Bellator-200-dən gedir. Yarışda çempionluq titulu üzrə braziliyalı Rikardo Korvalyo və Hollandiyanı təmsil edən Qeqard Musasi qarşı-qarşıya gəldilər. Rikardo Korvalyo 1986-cı ildə Rio de-Jeneyro şəhərində anadan olub. Bu döyüşə qədər 15 döyüş keçirmiş, ilk debüt döyüşündən başqa digər 14 döyüşü qalib gəlib, döyüşlərin 12-ni Rikardo rəqiblərinə nokaultla qalib gəlib. Erməni əsilli idmançı Qeqard Musasi isə İran-İraq müharibəsi zamanı, 1985-ci ildə Tehran şəhərində anadan olub. Atası Qarabağ ermənisidir. O, 4 yaşında olarkən ailəsi Tehranı tərk edərək Hollandiyaya köçmüşdür.Hollandiyanı təmsil edir. Bu döyüşə qədər 51 döyüş keçirmiş, 43 döyüşü qalib gəlmiş, 6 döyüşü məğlub olmuş, 2 döyüşü isə heç-heçə ilə başa vurmuşdur. Nəzərə alsaq ki, Bellator MMA təşkilatının keçirdiyi yarışlarda 41 yaşlı idmançılar da iştirak edirlər, onda gələcəkdə keçirdiyi döyüşlərin sayına görə Musasi çox böyük ehtimalla rekordlar kitabına düşəcək. Qarri Qudriç, A.Şlemenko kimi idmançılara qalib gəlmiş Qeqard Musasi bu döyüşün taleyini çox asanlıqla elə birinci raunddaca həll etdi. O, cəmi 2 dəqiqə ərzində rəqibinə texniki nokautla qalib gəldi.
Mən bu döyüş haqqında yox, diqqətimi cəlb edən, yüzminlərlə erməninin sevinc göz yaşına səbəb olmuş, dünyanın hər tərəfinə səpələnmiş ermənilərin bir melodiya ətrafında birləşmələrinə səbəb olan bir hadisə haqqında oxuculara məlumat vermək istəyirəm. Qeqard Musasi döyüş qəfəsinə Amerikada yaşayan Ara Qevorqyanın bəstələdiyi “Artsax” melodiyasının sədaları altında daxil oldu. Əlbəttə, milyonlarla idman həvəskarı bu möhtəşəm melodiyaya fikir verməyə bilərlər, melodiyanın nədən bəhs etdiyinin fərqinə varmaya bilərlər. Ancaq bu melodiyanın sədaları dünyanın hər yerinə səpələnmiş ermənilərin diqqətindən yayına bilməzdi. Mən möhtəşəm, eyni zamanda böyük qalmaqallara səbəb olmuş bu melodiyanı sosial şəbəkələrdə erməni toyundan bəhs edən bir video çarxda görmüşdüm. Mən şokda idim. Mən inana bilmirdim ki, video çarxda gördüyüm erməni toyudur, yoxsa hansısa mötəbər musiqi festivalı. Düzdür, deyirlər ki, bu melodiya oğurluqdur, melodiyanın bəstəkarı Fikrət Əmirovdur. Ancaq Fikrət Əmirovun sənətinə bələd olan biri kimi deyə bilərəm ki, Fikrət Əmirov "Qarabağ Azərbaycan incisidir" adlı melodiya bəstələməyib. Mənim fikrimcə, erməni bəstəkarının bəstələdiyi melodiya oğurluq deyil, əksinə, çox möhtəşəmdir. Məsələ burasındadır ki, bu mahnının sədaları altında meydana çıxan tək Qeqard Musasi deyil. 2006-cı ildə bədii gimnastika yarışlarında Dinara Qimatova məhz arenaya bu melodiyanın sədaları altında çıxmışdır. Rusiyada keçirilən qaydasız döyüş yarışlarında Rusiyanı təmsil edən erməni əsilli Vartan Asatryan da bu melodiyanın sədaları altında dəfələrlə meydana çıxmışdır. Yeri gəlmişkən qeyd edək ki, Vartan Asatryan qalib gələrkən qondarma Dağlıq Qarabağın bayrağını qaldırdığı üçün yarışlardan bir müddət uzaqlaşdırıldı. Əlbəttə, mən siyasi anlamdan kənarda hər cür millətçiliyin və saxta tarixçiliyin əleyhinəyəm. Ancaq sənət əsərinə bir söz deyilməz. Bizim istəyib-istəməməyimizdən asılı olmayaraq, bu sənət əsəridir və Bellator MMA kimi mötəbər bir idman təşkilatı melodiyanı məhz erməni bəstəkarının bəsətələdiyi melodiya kimi qəbul edib və onun səslənməsinə icazə verib.
Qayıdaq Qeqard Musasiyə. Qeqard Musasi qalib gəldikdən sonra iki ölkənin – Hollandiyanın və Ermənistanın bayraqlarını qaldırdı. Bu melodiyanın sədaları altında da meydanı tərk etdi. Əlbəttə, Musasi qalib gəlməsəydi belə artıq o, yüzminlərlə erməninin gözündə artıq meydana daxil olarkən qalib idi. Mən demirəm biz indi erməniləri təqlid etməliyik. Bizim idmançılarımız ermənilərdən nümunə götürərək meydana Fikrət Əmirovun, Qara Qarayevin bəstələdikləri melodiyaların sədaları altında daxil olmalıdırlar. Hərçənd ki, pis olmazdı. Çünki bizdə bu sahədə vəziyyət olduqca bərbaddır.
Məsələn, bu yaxınlarda Rusiyada keçirilən peşəkar kikboksinq üzrə Avropa çempionatında Azərbaycanı qaydasız döyüş yarışlarında təmsil edən, bütün dünya azərbaycanlılarının fəxri sayılan Zabit Səmədov qalib gələrək Avropa çempionu oldu. Zabit Səmədov Azərbaycan bayrağını göyə qaldırdı. Z.Səmədova söz verilərkən o, qələbəsini Azərbaycan Cümhiriyyətinin 100 illiyinə həsr etdiyini bildirdi. Hər şey yaxşı idi. Ancaq elə bunun ardınca Z.Səmədov qələbəsinə görə meydanda onunla bir yerdə dayanan Emil Ağalarova, minnətdarlığını bildirdi. Daha sonra ənənəvi “İlhamla irəli” şüarını təkrarladı. Bunun ardınca isə Çeçenistanın prezidenti Ramzan Kadırovun atasının adını daşıyan “Axmet- Sila” (Əhməd Güc) idman təşkilatına minnətdarlığını bildirərək üç dəfə “Ahmet sila” deyərək qışqırdı, allaha dua etdi. Bayrağımızın onun kürəyindən bir anlıq yerə düşməsi də diqqətimdən yayınmadı. Qazandığı qələbələrə görə ölkə rəhbərlərinə minnətdarlıq etmək ancaq Rusiya başda olmaqla MDB ölkələrinin idmançılarına xas olan bir xüsusiyyətdir. Məsələn, qaydasız döyüş yarışlarında keçirdiyi 26 döyüşün hamısını qalib gələn və bu yaxınlarda Yan Yakvint üzərində qalib gələrək 27-ci qələbəsini qeyd edən Həbib Nurməhəmmədova da söz veriləndə o, Vladimir Putinə minnətdarlığını bildirmişdi. MDB-ni təmsil edən ölkələrdən başqa, dünyanın heç bir ölkəsində belə hallara rast gəlmərsiniz. Bütün ölkələrdə qalib gələn idmançıya söz veriləndə həmin idmançı əvvəl azarkeşlərə, fanatlara, tamaşaçılara minnətdarlıq edir, sonra isə ailəsinə və məşqçilərə. Heç bir ölkənin idmançısı qazandığı qələbəyə görə hökumətə minnətdarlıq etmir. Belə bir deyim var: qaydasız döyüş yarışlarında hər idmançı öz millətinin ruhunu və xarakterini nümayiş etdirir. Ona görə də, digər ölkələrdə çətin qazanılan qələbələrə görə, öz ölkəsini təmsil etdiyinə görə ölkə rəhbəri idmançılara minnətdarlıq edir. İdmançıların ölkə rəhbərləri heç yadlarına da düşmür. Belə olan təqdirdə dünya azərbaycanılıarının həmrəyliyi üçün atılan hər bir addım ironiya, məsxərə ilə qarşılanır. Çünki, artıq belə bir qələbənin özü ciddiyə alınmır. Əgər döyüş Rusiyada keçirilirsə, döyüşün təşkilatçılarından biri “Axmed Sila”dırsa, döyüşün taleyi sonda hakimlərdən asılı olursa, artıq qalibin də kim olması məlum olur. Təkcə bir faktı qeyd etməklə kifayətlənəcəyəm. Qaydasız döyüş yarışlarının əfsanəvi iştirakçısı Fyodr Yemelyanenko Rusiyada keçirilən qaydasız döyüş yarışlarında rəsmi olaraq Fabio Moldanadoya qalib gəldi. Ancaq bu yarış Rusiyadan başqa dünyanın hansı ölkəsində keçirilsəydi, döyüşü birinci raundda saxlayıb texniki nokautla Fabio Moldanadonu qalib elan edərdilər. Çünki tərəfsizlik nümayiş olunan döyüşdə əsas idmançının sağlamlığı nəzərə alınır.
Məsələ burasındadır ki, bizdə həmrəylik məsələsində vəziyyət tək idman sahəsində belə deyil. Qeyd etdiyim kimi diaspora sahəsində də vəziyyət eyni cürdür. Azərbaycan diasporasının xaricdəki işi şou xarakter daşıyır, dövlət büdcəsindən ayrılan pullar öz təyinatı ilə xərclənmir. Diasporaya ayrılan pullar isə həmin sahəyə xərclənməlidir. Cəmiyyət, ölkə, vətən, hansısa amal, ideya səviyyəsində həmrəylik yoxdur. Bu da cəmiyyətin inkişafının göstəricisidir. Azərbaycan diasporasının xarici ölkələrdə keçirdiyi tədbirlər elə o ölkədə yaşayan həmyerlilərimiz tərəfindən gülüş, ironiya, məsxərə ilə qarşılanır. Çünki ciddi baxmırlar.
Fikirlərimi əsaslandırmaq üçün iki misal çəkərək mövzunu da yekunlaşdırıram. Azərbaycan hökuməti Azərbaycan xalqının birgə yaşayış, tolerantlıq ənənələrini dünyaya daha geniş şəkildə təqdim etmək üçün Qafqazda ən böyük məscid tikib. Təhsil sistemi bərbad vəziyyətdə olan ölkədə, bu qədər məscid ola-ola Qafqazda ən böyük məscid tikmək bizim haramıza yaraşır?
Və yaxud Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, şanlı akademikimiz Kamal Abdulla “Multikulturalizm ili” ilə bağlı mətbuat konfransında bildirib: “Xalq diplomatiyası çərçivəsində ermənilər Azərbaycana gələrkən Bakıdakı erməni kilsəsini görəndə təəccüblənmişdilər ki, Azərbaycanda erməni dilində kitablar, materiallar səliqə-sahmanla qoruyub saxlanılır: “Onlar Moskvaya zəng vurub deyirdilər ki, mən Bakıda filan qiymətli əlyazmanı gördüm. Bu, Azərbaycan xalqının dini, mənəvi və intellektual dəyərlərə verdiyi qiymətin nümunəsidir”. O bildirib ki, Azərbaycanda ermənifobiya yoxdur: “Azərbaycanda ermənifobiyanın olmadığını dünya yavaş-yavaş başa düşməkdədir. Biz ermənifobiya ilə yaşamadığımızı hər addımımızda göstəririk. Bizdə ermənifobiya yoxdur” (Mənbə: “525-ci qəzet”. 23 yanvar 2016).
Bu çıxışın üstündən 2 il keçir. Rüstəm İbrahimbəyov sənət əsərinə - “Qafqaz üçlüyü” filminə görə, (film 3 il bundan qabaq çəkilib- E) bu filmdə yaratdığı obraza görə, ölkədə ermənipərəst elan olundu. Onun haqqında yazılan bir neçə sitatı oxuculara təqdim edirəm. Əli Mahmud: "R.İbrahimbəyovun bu hərəkətini ləyaqətsizliyin, şərəfsizliyin, millətə xəyanətin göstəricisi hesab edirəm". Qasım Hacıyev: "O bu filmi çəkməklə xalqa, dövlətə qarşı çox böyük xəyanət edib". Yunus Oğuz: "Bundan sonra isə R.İbrahimbəyov əsl xislətini büruzə verməyə, sifətini göstərməyə başladı". Faiq Ələkbərli: "R.İbrahimbəyovun bu hərəkəti erməni dəyirmanına su tökməyə xidmət edir". Mən Rüstəm İbrahimbəyovun siyasi fəaliyyətinə haqq qazandırmıram və heç vaxt da haqq qazandırmayacağam. Ancaq burda söhbət sənət əsərindən gedir. Ancaq sırf siyasi fəaliyyətinə görə (!), ona haqq qazandırmaq üçün bu filmi tərifləyənlər riyakarlar, riyakarlara xoş gəlsin, riyakarların təsiri altına düşüb bu xüsusda məqalə yazanları isə öz fikri olmayanlar kimi baxıram. Rüstəm İbrahimbəyovu müdafiə etmək istəyirsiniz? Film həqiqətən möhtəşəmdir? Çox gözəl. Sənət əsərinə görə Rüstəm İbrahimbəyovu müdafiə etmək üçün, filmin əleyhdarlarını susdurmaq üçün məqalə yazmağa ehtiyac yoxdur. Təkcə bir cümə ilə siz həmin sənət əsərinin əleyhdarlarını darmadağın edə bilərsiniz. Məhz 4 fevral 1999-cu ildə kino sənətinin inkişafında göstərdiyi xidmətlərə görə Rüstəm İbrahimbəyov, Heydər Əliyev tərəfindən “Şöhrət” ordeninə layiq görülüb, vəssalam.