Son 10 ildə dünyada sülhsevərlik heç vaxt indiki kimi pisləşməyib.
Bunu Qlobal Sülh İndeksi üzə çıxarıb. İqtisadiyyat və Sülh institutu artıq 12-ci ildir bu indeksi hazırlayır. 163 müstəqil dövlət və ərazidə sülhsevərliyin səviyyəsi dəyərləndirilib.
Hesabatda sülhsevərlik trendləri, onun iqtisadi dəyəri, dinc cəmiyyətləri inkişaf etdirməyin yolları təqdim olunur. İndeks dünya əhalisinin 99,7%-ni əhatələyir.
İndeksdə sülhsevərliyin durumu əsas 3 amilə əsasən ölçülür – cəmiyyətdə təhlükəsizlik; hazırda gedən daxili və xarici münaqişələr; hərbiləşdirmənin dərəcəsi.
Azərbaycan 163 ölkə içində 132-ci yerdədir, ötənilki yerini qoruyub. Qonşulardan Gürcüstan 102, Ermənistan 120, Rusiya 154, İran 131-cidir.
Builki indeks ötən il dünyada sülhün durumunun 0,27% pisləşdiyini göstərir. 92 ölkədə durum pisləşib, 71 ölkədə yaxşılaşıb.
Ən dinc regionlar sayılan Avropa, Şimali Amerika, Asiya-Sakit Okean və Cənubi Amerikada pisləşmə qeydə alınıb.
Dünyanın ən sülhsevər ölkəsi İslandiyadır, 2008-ci ildən birinciliyi saxlayır. Yeni Zelandiya, Avstriya, Portuqaliya və Danimarka ilk beşlikdə yer alıb.
Reytinqdə sonuncu yerdə Suriyadır, beş ildir indeksin dibindədir. Əfqanıstan, Cənubi Sudan, İraq və Somali dünyanın ən az sülhsevər ölkələri sırasındadırlar.
İndeksin hazırlanma tarixində ilk dəfə olaraq Qərbi Avropa ölkəsində irimiqyaslı pisləşmə qeydə alınıb. İspaniya 10 pillə geriləyərək 30-cu yer düşüb. Bu da daxili siyasi gərginlik və terrorçuluğun təsirinin artmasıyla izah olunur.
Ümumilikdə isə son 10 ildə dünyada sülhsevərliyin 2,38% azaldığı bildirilir.