Gədəbəyin keçmiş İcra Hakimiyyəti başçısı, hazırda həbsdə olan Saleh Rüstəmov işgəncələrə məriz qaldığını deyir.
Sosial şəbəkələrdə onun ictimaiyyətə ünvanladığı məktubu yayılıb.
S.Rüstəmov məktubunda yazır:
“8 may 2018-ci ildə Gədəbəydən Bakıya qardaşım və onun həyat yoldaşı ilə gələrkən Şəmkir postunda bizi saxladılar (təqribən 20- 30 nəfər). 10-15 nəfər üstümə düşdü, mən maşından düşürüldüm. Şəmkir Polis İdarəsinə gətirdilər. Qardaşımı və onun həyat yoldaşını həbs edəcəkləri ilə hədələdilər. Təhqir edirdilər. Məni bir sıra sənədlərə imza atmağa məcbur etdilər. Vəkil təqdim etmədilər”.
S.Rüstəmov yazır ki, onu sonra “Bandotdel” kimi tanınan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər:
“Burada hədələrin təsiri altında ifadələr aldılar. Qardaşım oğlu Vidadini həbs edib bura gətirdilər. Ona işgəncə verirdilər, səsini eşidirdim. Ona görə də qorxub nə dedilərsə, onu da etdim. Vəkil tutmağa imkan vermədilər. Bugünədək vəkillə konfidensial ünsiyyət hququm təmin edilmir”.
S.Rüstəmov deyir ki, ona “səndə narkotika aşkarlanıb” – deyiblər:
“Məndə heç vaxt narkotika olmayıb. Mənə şər atılıb. Hələ də BMCMİ-də saxlanılıram. Mənə təzyiq altında işgəncə verilir. Hədələrlə imza etdirdilər. Özümü təqsirli bilməyim barədə ifadələrə imza etdirdilər. Təyinatla verilən vəkil heç mənimlə görüşməyib də. Qardaşım, yəni qohumlarım tərəfindən tutulan vəkillə ünsiyyət hüququm təmin edilməyib. İnsan hüquqlarım pozulur. Kömək edin”.
Saxlanıldıqdan sonra Saleh Rüstəmova və qardaşı oğlu Vidadi Rüstəmliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib.
Mayın 26-da isə DİN və Baş Prokurorluq birgə məlumat yayaraq, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi, Saleh Rüstəmovu, onun qardaşı oğlu Vidadi Rüstəmlini, AXCP fəalları Aqil Məhərrəmovu, Ruslan Nəsirovu, Babək Həsənovu, Bakı şəhər sakinləri Ceyhun Hüseynovu, Rauf İsgəndərovu, Heydər Əhmədovu, Tural Mehdixanovu və digərlərini “xaricdə Azərbaycan dövlətinə, dövlətçiliyinə və milli maraqlara zidd olaraq keçirilən tədbirlərin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması”nda günahlandırıb.
Həmin məlumatda deyilir ki, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq—üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır), 193-1.3.1-ci və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, -cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan edilib.
Saleh Rüstəmov AXCP hakimiyyəti zamanı Gədəbəy rayonuun icra başçısı vəzifəsində çalışıb və birinci Qarabağ müharibəsinin iştirakçısı olub.