Ölkənin vətəndaş cəmiyyəti fəalları bu tələblə hakimiyyətə müraciət etdi
Bir qrup tanınmış vətəndaş cəmiyyəti fəalı Emin Aslanovun həbsi ilə bağlı hakimiyyətə müraciət edib:
“ABŞ-ın Syracuse Universitetinin hüquq fakültəsinin məzunu Emin Aslanov iyunun 4-də saat 17 radələrində “Park-Bilvar”ın qarşısından aparılıb. Hadisə şahidlərinin sözünə görə, onu üç mülki şəxs “90 XG 017” dövlət nömrə nişanlı avtomobilə mindirərək naməlum istiqamətə aparıb. Yaxınları bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.
Lakin gənc fəalın həbsindən bir sutkaya yaxın vaxt keçməsinə baxmayaraq onu kimlərin aparması və harada saxlanması sirr olaraq qalır. Yaxınları vəkil Elçin Sadıqovla müqavilə bağlasalar da, bu məxfilik səbəbindən vəkil öz funksiyalarını yerinə yetirə bilmir. E.Aslanovun vəkilinin, yaxınlarının Daxili İşlər Nazirliyinin Qaynar Xəttinə və digər əlaqə telefonlarına zəngləri hələ ki, nəticə verməyib. Hadisədən xəbər tutan insan hüquqları sahəsində bir sıra nüfuzlu beynəlxalq təşkilatların E.Aslanovun harada saxlanması barədə hüquq-mühafizə orqanlarından məlumat almaq cəhdləri də müsbət nəticə verməyib. Həmçinin vəkil vətəndaş cəmiyyəti fəalları ilə birgə 9, 22, 39-cu polis bölmələri, Bakı Şəhər Baş Polis İdarəsində, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub, ancaq həmin qurumlardan da E.Aslanovun hara aparıldığı barədə məlumat ala bilməyib. Sosial şəbəkələrdə E.Aslanın 90 XG 017 dövlət nömrə nişanlı maşınla aparıldığı, həmin avtomobilin narkotiklə mübarizə idarəsinin keçmiş əməkdaşı, hazırda Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşı olan şəxsə məxsus olduğu barədə məlumat yayılıb.
Qeyd edək ki, E.Aslanov insan hüquqlarının müdafiəsi ilə məşğul olan bir sıra təşkilatlarda hüquqşünas kimi çalışıb, Avropa İnsan Haqları Məhkəməsinə şikayətlərin hazırlanmasında iştirak edib. O, dörd gün öncə ABŞ-da təhsilini başa vuraraq Azərbaycana dönüb.
Biz hakimiyyətin səngiməyən repressiyalarından bir daha ciddi narahatlığımızı bölüşməklə yanaşı, vətəndaş cəmiyyəti fəallarının bu formada oğurlanmasından – kimliyi bəlli olmayan şəxslərin fəalları aparması, harada saxlanması barədə uzun müddət yaxınlarına, vəkillərinə məlumat verilməməsi, onların əksər hallarda saxlandıqları polis qurumlarında fiziki və psixoloji təzyiqlərə məruz qalması və sonradan ictimaiyyət üçün qapalı olan məhkəmə iclaslarında qondarma ittihamlarla həbsi kimi biabırçı praktikanın hələ də davam etməsindən hiddətimizi bildiririk.
Biz hüquq-mühafizə orqanlarının rəhbərlərindən oğurlanmış Emin Aslanovun harada saxlanması barədə dərhal onun yaxınlarına, vəkilinə və ictimaiyyətə məlumat verilməsini, təqsirkar şəxslərin cəzalandırılmasını tələb edirik.
Biz Emin Aslanovu bu ölkənin peşəkar hüquqçu və bu ölkənin ən ləyaqətli gənclərindən biri kimi tanıyır, bütün məsuliyyəti ilə bildiririk ki, o, heç bir cinayət törətməyib, bu həbsin arxasında peşə və ictimai fəaliyyətindən dolayı siyasi motivlər dayanır. Həmçinin həm çalışdığı təşkilatlarda, həm də Amerikada təhsil aldığı nüfuzlu universitetdə də Emini belə tanıyırlar və sevirlər.
Biz gənc fəalın dərhal vəkili ilə görüşü üçün şərait yaradılmasını tələb edirik.
Biz vəkillərə müraciət edirik: vəkillər həm də cinayətkarları müdafiə edən nəcib peşənin sahibləridirlər. Emin isə cinayətkar deyil. Onun müdafiəsinə nə qədər çox nəcib vəkillərimiz qatılarsa, toplum bunu haqsız təqiblərə məruz qalan vicdanlı, işıqlı, müasir və peşəkar gəncliyimizə dünyanın ən nüfuzlu peşə sahiblərinin dəstəyi kimi minnətdarlıq hissi ilə qəbul edər və dəyərləndirər.
Biz hökumətdən siyasi motivli həbslərə son qoymasını tələb edirik!”
Sənədi 100-dən artıq ictimayyət nümayəndəsi imzalayıb.