Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli NİDA-çı, vicdan məhbusu İlkin Rüstəmzadənin həbsxanada yaşadığı məhrumiyyətlərlə bağlı ictimaiyyətə muraciətinə münasibət bildirib:
“Sonra da şikayətlənirlər ki, xalq niyə bizə nifrət edir. Adamlara hər gün zülm edirsiz. Həm də yalnız milyonlarla sadə vətəndaşa yox, başqalarının da hüquqlarını qorumağa çalışan əqidəli insanlara da zülm edirsiz. İlkin Rüstəmli şəhərin mərkəzində “Әsgər ölümlərinə son!” mitinqini təşkil edəndə cəmi 20 yaşı var idi.
O vaxtdan 5 il yarımdır ki, həbsdədir. İlkinin gəncliyini məhv etmək kifayət etmir bu zalımlara. Onun arzularını, bütün həyatını məhv etmək istəyirlər. Onu əymək, sındırmaq, hansısa sənədlərə qol çəkdirmək istəyirlər.
İlkinin vəziyyəti ağırdır, ancaq o, dirənib, təslim olmur. İlkin bəyin canından artıq sevdiyi Vətəninin, soydaşlarının köməyinə ehtiyacı var. Özü də açıq yazdığı kimi, heç zaman olmayan qәdәr indi ehtiyacı var. İlkin cəmi 20 yaşı olanda bizim övladlarımızın, qardaşlarımızın əsgərlikdə ölməməsi üçün sinəsini qabağa verib, sərt mübarizəyə başladı. İndi də sıra bizimdir.
İlkin Rüstəmlini hamılıqla müdafiə edib, zalımların cəngindən xilas etməliyik. Hamı görməli və əmin olmalıdır ki, Azərbaycanda artıq el üçün ağlayan gözlər kor olmur!”