Azərbaycan hökuməti insan alverinə qarşı mübarizə üçün minimum standartları tamamilə tətbiq etməyib, bununla belə, bunun üçün səy göstərir.
Bu barədə ABŞ Dövlət Departamentinin illik "İnsan alveri haqqında - 2018" (Trafficking in Persons Report-2018) hesabatında deyilir.
Hesabat iyunun 30-da qurumun rəsmi saytında dərc edilib. https://www.state.gov/documents/organization/282798.pdf.
Geniş material dünyanın 160-dan çox ölkəsində aparılmış qlobal araşdırmanı əks etdirir. Hesabatda deyilir ki, dünyada qeyri-qanuni insan alverindən gəlir təxminən 9 mlrd. dollar təşkl edir. Müasir qul satıcılarının qurbanlarının 77%-i qadınlar, 33%-i uşaqlardır. Hadisələrin 87%-də onlardan cinsi istismar üçün istifadə olunur.
Əvvəlki beş ildə də olduğu kimi, bu il Azərbaycan risk qrupuna aid edilib və bu bədnam təzahürün aradan qaldırılmadığı, bu sahədə görülən işlərin isə hələlik zəruri tələblərə cavab vermədiyi ikinci dövlətlər kateqoriyasına daxil edilib.
"Azərbaycan ikinci səviyyədə qalıb. Hakimiyyət trafikinq qurbanlarına ixtisaslaşmış xidmətlərin göstərilməsi mərkəzlərinin yaradılması, vətəndaş institutları ilə səmərəli əməkdaşlığın dəstəklənməsi üzrə səyləri fəallaşdırıb. Hökumət QHT-lərlə əməkdaşlıq edir, məlumatlandırma-maarifləndirmə kampaniyaları təşkil edir. Amma bu, kifayət etmir, ölkə bu çirkli biznesin profilaktikasının minimum standartlarına cavab vermir", məruzədə qeyd edilir.
Hüquq-mühafizə orqanları insan alveri probleminin əhəmiyyətini kifayət qədər anlamır, insan alveri hadisələrini araşdırmaq qabiliyyətinə malik deyil, xüsusən, Bakının hüdudlarından kənarda, yəni respublikanın regionlarında. Yerli polis və prokurorluğun trafikinq qurbanlarını təhqir etməsi və onlara məhəl qoymaması faktları var. Bəzən cinayətlərin araşdırılması ardıcıl olmadan, standart əməliyyat prosedurları pozulmaqla aparılır. Bundan başqa, çox vaxt əməkdaşlıq etməyən qurbanlar DİN-in sığınacağına qəbul edilmir, hökumət isə QHT-lərin nəzdində fəaliyyət göstərən sığınacaqlara maliyyə verməyib.
Dövlət Departamentinin hesabatına əsasən, ötən il 71 insan alveri qurbanı olub (2016-cı ildə 70 qurban). İnsan alverinin qurbanı olan 66 qadından cinsi məqsədlərlə istifadə olunub, beş kişi məcburi əməyə cəlb edilib. 2016-cı və 2017-ci illərdə insan alverinin bir nəfər belə uşaq qurbanının aşkar edilməsi müsbət məqamdır. Rəsmi qeydiyyata alınmış insan alveri qurbanları arasında MDB ölkələrindən olan xarici vətəndaşlar da olub.
Hesabatda deyilir ki, hökumət hər bir trafikinq qurbanına 150,5 manat (88,030 dollar) ayırıb. Bu göstərici 2016-cı illə müqayisədə azalıb (154 manat, 90,060 dollar). DİN-in sığınacağında bu insanlara yaşayış yeri, maliyyə dəstəyi, hüquqi, tibbi və psixoloji dəstək verilib. Bu kompleksdə qadınlar, kişilər və uşaqlar üçün ayrı-ayrı zonalar var, amma onların yerdəyişmə azadlığı məhdudlaşdırılıb. Zərərçəkmişlər sığınacaqdan çıxmaq üçün mütləq ərizə verməlidirlər.
Göyçayda insan alveri qurbanlarına ixtisaslaşmış reabilitasiya xidmətləinin göstərilməsi üzrə yeni mərkəz yaradılıb. Vətəndaş cəmiyyəti institutları da analoji xidmətlər göstərir, amma QHT-lər əvvəlki kimi kəskin vəsait çatışmazlığı ilə üzləşirlər, xarici qrantlarla bağlı məhdudlaşdırıcı tədbirlər qüvvədədir, xarici donorlardan maliyyə almaq imkanı yoxdur. QHT-lərin qurbanlara yardım xidmətləri göstərən əksər sığınacaqları könüllülük əsasında işləyirdi.
"Son beş ildə Azərbaycan məcburi əməyə və cinsi istismara məruz qoyulan kişilər, qadınlar və uşaqlar üçün tədarükçü, tranzit və təyinat ölkəsi olub. Azərbaycan kişiləri və oğlanları Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirliklərində və respublikanın özündə məcburi əməyə məruz qoyulur. Azərbaycanlı qadınlar həm ölkə daxilində, həm də Malayziya, Türkiyə, Rusiya, Pakistan və BƏƏ-də cinsi ticarətə məruz qoyulur. Azərbaycan Ukrayna, Çin, Rusiya, Türkmənistan və Özbəkistan vətəndaşlarının seks və əmək üçün təyinat ölkəsidir. Əvvəlki illərdə Azərbaycandan Mərkəzi Asiya, BƏƏ, Türkiyə və İrandan cinsi istismar məqsədilə insan alveri qurbanları üçün tranzit ölkə kimi istifadə olunub. Ölkə daxilində bəzi uşaqlar, o cümlədən qaraçı əsilli uşaqlar məcburi dilənçiliyə və yol kənarında satıcı kimi məcburi əməyə vadar edilir", Dövlət Departamentinin hesabatında qeyd edilir.
Məruzədə həmçinin Azərbaycan QHT-lərinə və dövlət orqanlarına insan alverinə qarşı mübarizə sahəsində vəziyyətin yaxşılaşdırılması üzrə tövsiyələr verilir. Bu problemin həlli üçün insan alverçilərinin təqibi və mühakiməsi məsələsində müvafiq orqanların hüquqlarının artırılmasının, insan alverinə qarşı mübarizə fəaliyyətində addımların əlaqələndirilməsinin yaxşılaşdırılmasının, trafikinq qurbanlarına, xüsusən uşaqlara yardımın gücləndirilməsinin, məişət zorakılığı qurbanlarına polisə rəsmi şikayət vermələrini tələb etmədən ilkin yardım göstərilməsinin və s. zəruri olduğu qeyd edilir.