“Azərbaycanda işgəncə, cəzasızlıq və hüquq-mühafizə orqanlarında korrupsiya sistematik şəkildə geniş yayılmış halda qalır”
Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi Azərbaycana 2004, 2012, 2013, 2015, 2016 və 2017-ci illərdə altı səfərinin nəticələri əsasında Azərbaycan hökumətinin də cavabları daxil olmaqla hesabatını açıqlayıb. Bununla Komitənin Azərbaycana səfərləri ilə bağlı bütün hesabatları ictimaiyyət üçün açıqlanmış olur.
Komitənin Azərbaycanda vəziyyətlə bağlı ümumi təəssüratı ondan ibarətdir ki, işgəncə, polis və başqa hüquq-mühafizə orqanları və ordu tərəfindən pis rəftarın bütün formaları, bütün hüquq-mühafizə sistemində korrupsiya və cəzasızlıq halları sistematik, geniş yayılmış və müntəzəm şəkildə davam edir. Hesabatda bildirilir ki, 2017-ci ildə xüsusi səfərin nəticələri müxtəlif hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ümmiləşdirilmiş zorakılıq mədəniyyətinin mövcud olduğunu deməyə əsas verir.
Bununla yanaşı, cəzasızlıq və pis rəftarla bağlı iddiaların düzgün araşdırılmaması, eləcə də saxlanan məhbusların vəkillə və həkimlə təmin olunması, saxlanma haqda məlumat verməsi və informasiya almaq hüququ da daxil olmaqla, hüquqi qarantiyaların təmin edilməməsi kimi ciddi problemlər qalmaqdadır.
Açıqlanmış hesabatda həmçinin Azərbaycanda psixiatriya klinikalarında və sosial yardım evlərində ağır durum qeyd edilib. Burada yoxsul yaşayış şəraiti, həmçinin xəstələr arasında (xüsusilə Gəncə Psixiatriya Klinikası) zorakılıqlar və məcburi gətirilən xəstəxələr üçün effektiv hüquqi təminatların olmaması vurğulanıb.
Bununla belə, İşgəncələr Əleyhinə Komitə Azərbaycan rəsmilərinin bu hesabatların hamısının açıqlanması qərarını alqışlayıb. Komitə bunun qaldırılan ciddi məsələlərin həllində şəffaflığa dair yeni öhdəliyə işarə ola bildiyini bildirib.
“Azərbaycanın indiyə qədər məxfi saxlanan bu hesabatlarının hamısını açıqlamaq qərarı böyük bir irəliləyişdir. Bu, Azərbaycanla əməkdaşlığın yeni dövründən xəbər verir və rəsmilərin Komitə ilə dialoqu aktivləşdirmək və Komitənin qaldırdığı ciddi problemlərin həllinin effektiv ünvanlanması istəyinə işarə edir”, Komitənin prezidenti Mikola Qnatovski bildirib.