Avropanın ən böyük "paltaryuyanlarından" biri olduğu məlum olan Danimarkanın Danske Bank-ı ilə bağlı səs-küyə səbəb olan qalmaqal getdikcə artır. Danske Bank-ın daxili nəzarət üzrə direktoru istefa verib, o, şirkətin Estoniyalı "qızının" maliyyə maxinasiyaları haqqında davam edən araşdırma ilə əlaqədar rəhbər vəzifəni tərk etmək məcburiyyətində qalan dördüncü əməkdaş oldu.
"Maliyyə maxinasiyaları" dedikdə bankın Estoniya filialının Azərbaycan və Rusiyadan qanunsuz olaraq çıxarılan böyük vəsaiti yuması haqqında cinayət işi nəzərdə tutulur. Ötən həftə isə Hermitage Capital Fondunun təsisçisi və icraçı direktoru Uilyam Brauder Danimarka Prokurorluğuna Danske Bank-a (DB) qarşı cinayət işi açılması haqqında ərizə verib. Bu barədə The Financial Times məlumat yayıb. Ərizədə Danimarka bankının Rusiya büdcəsindən oğurlanmış 230 mln. dolların yuyulmasında iştirak etdiyi iddia olunur.
DB-nin Pribaltika filialı ötən il qalmaqalın mərkəzində idi, həmin vaxt araşdırmalar zamanı xarici şirkətlərlə bağlı şübhəli tranzaksiya faktları üzə çıxmışdı. Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi (OCCRP) tərəfindən yayılmış materiallar isə şübhələr üçün ciddi səbəb oldu. Bu materiallarda Rusiya, Ukrayna və Azərbaycan siyasətçilərinin, yüksək vəzifəli məmurlarının adları keçirdi, pulların yuyulması sxemləri açıqlanırdı.
Danimarkanın Berlingske, Almaniyanın Süddeutsche Zeitung, Fransanın Le Monde, Britaniyanın The Guardian qəzetlərinin jurnalistləri öz araşdırmalarını aparıblar. Necə deyərlər, "dərinə getdikcə, altından daha çox şey çıxır": material müəllifləri nə qədər dərinə getsələr, bu Danimarka bankında şübhəli sövdələşmələrin məbləğləri bir o qədər böyüyürdü. Avropada çirkli pulların yuyulması ilə bağlı böyük qalmaqalın miqyası iki dəfə artdı - əvvəlcə yuyulmuş vəsaitin məbləği 25 mlrd. Danimarka kronu (təxminən 3,9 mlrd. dollar) olaraq qiymətləndirilirdi, deyə İsveçrənin Neue Zürcher Zeitung nəşrinin jurnalisti İnqrid Meyssl Arebo məlumat verir. Sonradan məbləğ 8,3 mlrd. dollara çatdı. 2007-2015-ci illərdə DB-nin Estoniya filialında hesabları olan təxminən 20 müəssisənin sənədləri tədqiq edilib.
Həmin vaxt insayderin verdiyi məlumata görə, Pribaltika filialında şübhəli ödənişlərin həyata keçirildiyi bir neçə hesabın arxasında "şübhəli müştərilərin" gizləndiyini bilirdilər. Onlar arasında guya Putinin ailə üzvləri, habelə Rusiya FTX-nin nümayəndələri var idi. Xüsusən, prezidentin əmisi oğlu İqor Putinin adı çəkilir. Məlumat sahibinin ehtimalına görə, Estoniya bankı özü cinayətkar maxinasiyalara cəlb edilmişdi və pulların yuyulmasında fəal şəkildə iştirak edirdi.
Amma araşdırmada kifayət qədər məşhur Azərbaycan soyadları və sahibləri Azərbaycan oliqarxları olan şirkətlərdən çox böyük məbləğdə köçürmələr də aşkar edilib. Äripäev qəzetinin məlumatına görə, Estoniyada "paltaryuyan maşın" Danske Bank-ın yerli filialında Böyük Britaniyada qeydiyyatda olan, amma ünvanı Azərbaycanın paytaxtı Bakıda olan 4 şirkətin hesablarından köçürülmüş 2,5 milyard avronu yuyub. Bu şirkətlər Polux Management LP, Hilux Services LP, Metastar Invest LLP və LCM Alliance LLP adlanır, amma onlar haqqında məlumat çox azdır. Britaniyanın firmalar reyestrinə əsasən, bu dörd şirkətin sahibi ofşor şirkətlərdir, real mülkiyyətçilər haqqında məlumat isə gizlidir.
Danimarkanın iqtisadiyyat naziri Rasmus Yarlov hadisəni "Danimarka bank sektoru üçün "bədnam ləkə" adlandırıb və bildirib ki, DB ətrafında qalmaqalda yeni ifşalarla maliyyə nəzarəti müəssisəsi məşğul olacaq. Danske Bank maxinasiyalarda yarım milyarda yaxın Danimarka kronu qazanıb, bu, indi DB-nin Estoniya filialında uzun illər ərzində çox böyük gəlir qeydə alınmasının səbəbini izah edir.
Bu gün əsas məsələ bankın pulların yuyulması sxemində şüurlu şəkildə, böyük gəlir əldə etməklə iştirak etməsi, yoxsa rəhbərliyin səhvi ucbatından onun elementinə çevrilməsidir. Araşdırma ilə əlaqədar Estoniya filialının bütün rəhbərliyi işdən çıxarılıb və ya kənarlaşdırılıb. Araşdırma rəhbərliyin qanunsuz əməllərinin şüurlu şəkildə törədildiyini üzə çıxarsa, bank işi polisə vrəcək. Danske Bank ehtimal olunan Azərbaycan və Rusiyadan qanunsuz çıxarılan böyük vəsaitin yuyulması haqqında işin bu ilin sentyabrında cəlb edilmiş firmalar tərəfindən həyata keçirilmiş araşdırma haqqında hesabatın dərc edilməsi ilə yekunlaşacağına ümid edir.