Azərbaycanlıları Almaniyadan kütləvi deportasiya ediblər- VİDEO

Azərbaycanlıları Almaniyadan kütləvi deportasiya ediblər- VİDEO
21 İyul 2018
Mətni dəyiş
Əlövsət Əliyev: ''Deportasiya edilənlərin böyük əksəriyyəti siyasətlə bağlı deyil'' Almaniyadan sığınacaq istəyən 51 azərbaycanlı iyulun 18-də Azərbaycana deportasiya edilib. Məlumatı Almaniyada fəaliyyət göstərən “Legat” inteqrasiya mərkəzi yayıb. Bildirilib ki, deportasiya edilənlərin şəxsiyyətləri son bir həftə ərzində “Readmissiya haqqında” sazişə əsasən müəyyən edilib. Çarter reysi ilə Azərbaycana göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, Üiesburq, Kürten ( Bergisch Gladbach), Hoff, Rhede, Bocholt və digər şəhərlərində yaşayanlar olub. Meydan TV-yə bu istiqamətdə sual doğuran məsələləri “Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyevlə aydınlaşdırmağa cəhd edib. - Əlövsət müəllim, bu cür kütləvi deportasiyadan əvvəl Almaniya hökuməti həmin insanlara xəbərdarlıq edirmi? - Ümumiyyətlə, “Readmissiya haqqında” sazişin əsasında qaytarılan insanlar Avropada qanunsuz əsaslarla yaşayanlardır, yaxud qanunsuz bura daxil olanlardır. Bu sıraya qaçqın statusu üçün müraciət edib, rədd cavabı alanları da daxil etmək olar. Əslində, deportasiya olunan 51 yox, daha çoxdur. Həm də bu insanlar evlərindən birbaşa hava limanına aparılmayıb. Hazırda Almaniyada ölkədən çıxışı barədə xəbərdarlıq edilənlər könüllü qayıtmırlarsa, onlara zaman verilir, ardınca onları müəyyən mərkəzlərə aparırlar. Yalnız bu prosedurlardan sonra xüsusi təyyarə reysilə vətəndaşı olduqları ölkələrə aparırlar. “Readmissiya haqqında” sazişin tələbi odur ki, Almaniya hökuməti Azərbaycan səfirliyindən həmin şəxslərin pasportlarını, yaxud qayıdış şəhadətnaməsi almır, birbaşa Dövlət Miqrasiya Xidməti ilə olan əlaqələrindən istifadə edirlər. Dövlət Miqrasiya Xidmətinə sorğu göndərilir və bu qurum 3 gün ərzində deportasiya olunacaq adamlar barədə informasiya verməyə məcburdur. Çünki “Readmissiya haqqında” sazişin tələbləri belədir - rəsmi Bakı Almaniyaya mühacir etmiş şəxslər haqda bu ölkənin hökumətinə məlumat verir. Bundan sonra Almaniya hökuməti onların ölkədən çıxması üçün bu adamlara sənəd təqdim edir. Bu sənəd onların hava limanından getməsinə keçərlidir. Təəssüf ki, iyulun 18-də evində tutulub birbaşa hava limanına aparılanlar olub. Hətta bir ailənin qızı qayıtmamaq üçün özünə xəsarət yetirib, hazırda xəstəxanadadır. Sadəcə, ailənin razılığı olmadan adını çəkə bilmərəm. - Ümumiyyətlə, deportasiya olunanların kimliyini müəyyənləşdirmisinizmi? - Əksəriyyətini müəyyənləşdirmişəm. Amma onların icazəsi olmadan haqlarında məlumat yaymaq yolverilməzdir. Onlardan hansının Binə Hava Limanında DTX və DİN tərəfindən həbs edilmələri barədə də məlumatlıyıq. Bəzilərinin DİN-in Mütəşşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanıldığını da bilirik. Almaniya hökuməti gərək bu məsələləri nəzərə alardı. Azərbaycan jurnalistləri gərək Almaniyanın Bakıdakı səfirliyinə sorğu göndərsinlər ki, ölkənizdən deportasiya olunanlar arasında DİN-in Mütəşşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılanlar var. Səfirliyiə sual verilməlidir ki, niyə Almaniya hökuməti bu insanları deportasiya edir? Ola bilsin, hökumətlər arasında xüsusi sövdələşmə var, deportasiya olunanların müəyyən hissəsi bəzi cinayətlərin törədilməsində şübhəlidir. Hətta deportasiya olunanlardan birinin ayaqlarına və əllərinə qandal vurublar. Qandallanan oğlan Əcnəbilərlə İş İdarəsinə gedib, onu zalda gözlədiblər, ardınca polisə zəng ediblər. Sonra ölkədən deport ediblər. Bildiyimə görə Azərbaycan Hava Limanından DİN-in Mütəşşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıblar. - Deportasiya olunanlar arasında Almaniyaya siyasi motivlə gələnlər varmı? - Qısa müddətdə bu məsələni araşdırmaq mümkünsüzdür. Amma böyük əksəriyyəti siyasətlə bağlı deyil. Aralarında iqtisadi miqrant da, ailə birləşməsi ilə gələnlər də, Azərbaycan vətəndaşlığından çıxmaq istəyən də var. Sadəcə, Azərbaycan səfirliyinin və Almaniya hökumətinin təpkisi səbəbindən onlar sənədsiz, qanunsuz vəziyyətə düşüblər. Təsəvvür edin ki, adam gedir Berlindəki Azərbaycan səfirliyindən qayıdış şəhadətnaməsi istəyir, səfirlik şəxsiyyət vəsiqəsini tələb edir. Nəticədə insanlar sənədsiz duruma düşürlər. Nəzərə alın ki, bunlar Azərbaycana qayıtmaq istəməyənlərdir, Almaniyada qanunsuz iş tapıb çalışırlar. Tanıdığım 3-4 ailənin siyasətlə bağlılığı da yoxdur. Elə düşünməyin ki, Almaniyaya gəlmək istəyənlər yalnız siyasi fəallar, ya da partiya üzvləridir. Tələbə, işsiz, turist kimi gələnlər var. Gələnlərin 10-15 faizi qaçqın statusu almaq niyyətində olur. Elələri var ailə birləşməsi ilə gəlir, evlənə bilmir, amma Azərbaycana da qayıtmaq istəmirlər. Beləliklə, 3-4 il qanunsuz bir işdə çalışıb, pul yığıb sonra qayıtmaq istəyirlər. Yəni Avropada yaşayanların hamısı qaçqın statusu üçün müraciət edənlər deyil. 51 nəfərin arasında ailə birləşməsi ilə gələn də var, amma burada evlilik alınmayıb, nəticədə qanunsuz yaşayan şəxs vəziyyətinə düşüb və iki gün əvvəl deportasiya olunub. Məndə olan məlumata görə 51 nəfər arasında Müsavat Partiyasının üzvü, o cümlədən, dindarlar da var. Hazırda araşdırırıq. Məsələ ondadlr ki, Almaniya Daxili işlər Nazirliyinin kansler Merkelə təklif etdiyi qanun paketində hətta miqrantların ayaqlarına çiplə idarə olunan qandalların vurulması da öz əksini tapıb. Məqsəd miqrantlara nəzarətdir. Əslində, ayaq və əllərin qandallanması qanunsuzdur, çünki qandalların vurulması əsaslandırılmalıdır ki, adam qaçacaqmı, yoxsa qaçmayacaq. Məsələn, ayağı və əlləri qandallanan azərbaycanlıya iki həftə möhlət verilmişdi, amma həmin iki həftə tamamlanmamışdı. Eyni [embed]https://www.youtube.com/watch?v=uxBHufYqWwY[/embed] zamanda, şəxsin hazırda hansı əsasla DİN-in Mütəşşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılması da mənə bəlli deyil, vəkillə təmin olunub-olunmamasını da bilmirəm. İkinci, adam siyasi partiya üzvü də deyil, yaxud cinayətkar qrupla da əlaqəsi yoxdur. - Necə düşünürsünüz, deportasiya davam edəcəkmi və yalnız Azərbaycandan gedənləri deportasiya edirlər? - İki gün əvvəl Almaniyada təhlükəsiz ölkələrin siyahısı müəyyən edildi, Gürcüstan da bura daxil edildi. Təhlükəsiz ölkə odur ki, vətəndaşları Almaniyadan deportasiya oluna bilər. Əfqanıstan və Afrikadan olanlara isə daha sərt davranırlar. Ona görə ki, onların hər birinə “Almaniyanı filan tarixə qədər tərk etməlisiniz” xəbərdarlığı edilir. - Belə olanda Avropaya mühacir edənlər deportasiya olunmamaq üçün nə etməlidirlər? - Əgər Almaniya hökuməti ölkəni tərk etmək xəbərdarlığı edirsə və vətəndaşın bütün şansları bitibsə, bu halda könüllü qayıdış ərizəsi verməlidir. Onda Almaniya hökuməti gediş pullarını özü həll edir, normal şəkildə yola salır, yəni qandallamaq olmur. Hətta qayıdış proqramına düşənlərə əlavə vəsait də verirlər ki, get ölkəndə biznes qur. Almaniya hökuməti qanunla nəzərdə tutulan bütün prosedurları həyata keçirdikdən sonra sərt davranmırlar. Əgər qalmaq şansı tükənibsə, ölkəni tərk etmək daha məqsəduyğundur. Qanunsuz qalmaq çox böyük problem yaradır, yəni zorla aparırlar, qanunsuz əldə etdiyini də müsadirə edirlər. Təsəvvür edin, adam illərdir sosial pul alıb, amma üstündə 5-10 avro pul tapılırsa, onu da alırlar. Könüllü ərizə yazanlar Avropaya yenidən qayıtmaq imkanını saxlayırlar. Deportasiya edilənlərə isə bu şans 3-5 il tanınmır. Gərək, Avropaya gələndə əlində təqib olunması haqda sübutları olsun. Əks təqdirdə, qaçqın statusu ala bilməyəcəklər və bu onların övladlarına da tramva yaradır. Ümumiyyətlə, Miqrasiya Xidməti də insanlar arasında maarifləndirmə işi aparsın ki, hansı ölkəyə hansı əsaslarla getməlidir, bu yöndə layihələr işləməlidir. Məsələn, həkim, qaynaqçı, mühəndis hansı ölkəyə gedə bilər?! Azərbaycanda bu işlə məşğul olan təşkilat yoxdur. Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Qaçqınların Ali Komissarlığı hara baxırlar? Belə təşkilatlara sorğu göndərin ki, Türkiyə vətəndaşını azərbaycanda məhkəmə iclası bitəndən sonra niyə oğurlayırlar, axı prosesdə onun xeyrinə qərar çıxarılıb. Komissarlıq bütün bunlara susursa, nə üçün Bakıda oturmalıdır?! P.S. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Realtv.az-a deportasiya barədə informasiyanı təsdiqləyib. V.Hüseynov deyib ki, Bakıya təyyarə ilə 32 nəfər yola salınıb və deportasiya edilən şəxslərin hamısı readmissiyaya qəbul ediliblər: "Deportasiya olunanları hava limanında Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıblar. Onlarla müvafiq sənədləşmə işləri aparıldıqdan sonra hamısı ailələrinin yanına göndəriliblər”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun