ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) çərşənbə günü Azərbaycanda aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticələri haqqında yekun hesabatı dərc edib. Azərbaycana seçki qanunvericiliyinə yenidən baxmaq və bunu növbəti seçkilərə qədər etmək tövsiyə olunub.
"Qanunvericiliyin beynəlxalq standartlara və öhdəliklərə çatdırılmasında məqsəd Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların təmin edilməsi, bütün boşluqların və ziddiyyətlərin aradan qaldırılması, DTİHB-nin və Avropa Şurasının əvvəlki tövsiyələrinin yerinə yetirilməsindən ibarətdir", deyə hesabatda bildirilir.
DTİHB həmçinin səsvermə günü yol verilmiş pozuntuları hərtərəfli və müstəqil şəkildə araşdırmağı tövsiyə edir.
Seçki məntəqələrində vebkameralardan alınmış görüntülər, seçici siyahıları, etibarsız hesab olunmuş bülletenlər müzakirə predmeti olmalıdır.
Həmçinin, ictimai etimadın artırılması məqsədilə seçki administrasiyalarının üzvlərinin təyin edilməsi formuluna yenidən baxmaq tövsiyə olunur, belə ki, komissiyaların hazırki tərkibi bu orqanların qərəzsizliyini təmin etmir.
Seçkilər zamanı dövlət sektoru işçilərinin hakim partiya və polis nümayəndələri tərəfindən məcburi qaydada seçkiqabağı aksiyalara gətirilməsi faktları qeydə alınıb.
Həmçinin, diffamasiyaya görə, o cümlədən onlayn-kontentdə diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv edilməsi təklif edilir. Saytların bloklanması funksiyalarının yalnız məhkəmələrə verilməsi və bu saytlar siyahısının ictimaiyyətə açıqlanması zərurəti vurğulanır.
Seçici siyahılarının dəqiqləşdirilməsi üçün hərtərəfli təlimatlar hazırlamaq, namizədlər üçün təhsil səviyyəsi və yaşayış yeri tələbinin, ictimai yığıncaqlar üçün məhdudiyyətlərin aradan qaldırılması təklif olunur.
DTİHB Azərbaycana seçki qanunvericiliyinin ATƏT qarşısında götürdüyü öhdəliklərə uygunlaşdırılmasında yardım etməyə hazırdır.
11 aprel növbədənkənar prezident seçkiləri zamanı prezident İlham Əliyev dördüncü dəfə yeddi illik müddət üçün prezident seçilib.
ATƏT DTİHB, ATƏT PA və AŞPA-nın birgə müşahidə missiyası kampaniya zamanı və seçkilər günü kütləvi pozuntuları tənqid edib, seçkilərin Avropa standartlarına uygun olmadığını bildirib. Azərbaycan hakimiyyəti tənqidi təkzib edib.