Hakimiyyət iyulun 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin təşkilində ittiham olunan şəxsləri məhv etməkdə davam edir.
İndiyədək üç nəfər öldürülüb, bu gün isə hüquq-mühafizə orqanları Ağa Sərxaninin öldürüldüyü barədə məlumat veriblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, Yunis Səfərovla birlikdə Gəncənin icra başçısına qarşı sui-qəsd hazırlayıb. Onun barəsində axtarış elan edilib.
Lakin qətlin harada və hansı şəraitdə baş verdiyi açıqlanmır. Hakimiyyət bildirir ki, 2016-ci ildə o, Suriyada hərbi əməliyyatlarda iştirak edib və dəfələrlə İrana gedib.
Ancaq hakimiyyətin şübhəliləri nədən tutmayıb öldürməsinin səbəbləri açıqlanmır. İstintaqın müttəhimlərsiz aparılacağını söyləmək çətindir. Ancaq, görünür, hakimiyyət artıq özü üçün məsələni götür-qoy edib.
Xatırladaq ki, iyulun 3-də əslən Gəncədən olan Rusiya vətəndaşı Yunis Səfərov Gəncənin icra başçısı Elmar Vəliyevə bir neçə atəş açıb. Qeyri-rəsmi versiyaya görə, o, mühafizəçini güllələyib, sonra tapança ilişib və Y.Səfərov E.Vəliyevə tapançanın qundağı ilə zərbə endirib. E.Vəliyev yerə yıxılıb və başı zədələnib.
Hazırda E.Vəliyev müalicə olunur. Onun səhhəti barədə açıqlama verilmir. Qeyri-rəsmi məlumatlara görə, öncə Türkiyəyə, sonra İsrailə aparılıb.
İyulun 10-da keçirilən etiraz aksiyası zamanı şəhər polisi rəhbərliyində təmsil olunan iki baş zabit həlak olub. Rəsmi məlumatlara görə, iğtişaşlarda iştirak edən 20-dən çox adam həbs edilib.