Gürcüstan parlamenti ötən gün növbədənkənar iclasında hökumətin yeni tərkibinə etimad göstərib. Yeni hökumətin lehinə 101, əleyhinə isə 12 deputat səs verib.
Qonşu ölkənin yeni hökuməti 10 nazirlik və bir dövlət naziri aparatından ibarət olacaq.
Əvvəlki hökumətdən fərqli olaraq yeni hökumətdə üç yeni nazir təmsil olunub. Bunlar iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia, təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili və maliyyə naziri İvane Maçavarianidir.
Digər nazirlər isə yeni hökumətdə öz vəzifələrini saxlayıblar. Bunlara xarici işlər naziri David Zalkaliani, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili, daxili işlər naziri Giorgi Qaxariya, ədliyyə naziri Tea Tsulukiani, müdafiə naziri Levan İzoria, qaçqınlarla iş, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko və ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili daxildir.
Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili də vəzifəsində qalıb.
Qeyd edək ki, Gürcüstanın əvvəlki hökumətində 13 nazirlik və bir dövlət naziri aparatı olub.