İyulun 7-də Baş prokurorluq Bastainfo.com saytında dərc edilmiş məqalələrlə bağlı heç bir qanuni əsas olmadan CM 313-cü (bilərəkdən yalan məlumat yaymaq, vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi qaldırılıb. İyulun 9-da Bastainfo.com saytının baş redaktoru Mustafa Hacılı polis tərəfindən Bakı Şəhər prokurorluğuna aparılıb və o, şahid qismində istintaqa cəlb edilib. İyulun 10-dan heç bir məhkəmə qərarı olmadan Baş Prokurorluğun təqdimatına əsasən Bastainfo.com saytına Azərbaycandan giriş bloklanıb. Mustafa Hacılı 5 gün ərzində prokurorluqda şahid qismində dindirilib, istintaqın ikinci günü fasiləsiz olaraq 11 saat ərzində prokurorluqda saxlanılıb və bununla onun azadlığı faktiki olaraq məhdudlaşdırılıb. İyulun 13-də və 14-də prokurorluq Bastainfo.com saytı ilə əməkdaşlıq edən Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah, Müsavat Partiyasının Məclis üzvləri Rüfət Baxışbəyli, Könül Alı, Bastainfo.com saytının informasiya fəaliyyəti ilə heç bir əlaqəsi olmayan Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Tural Hacıbəyli də prokurorluq tərəfindən istintaqa cəlb edilərək şahid qismində dindiriliblər. Müsavat Partiyası baş verənləri Azərbaycanda söz və ifadə azadlığına qarşı növbəti təhdid kimi kimi qiymətləndirir. Müsavat Partiyası hesab edir ki, hakimiyyətin Bastainfo.com saytına və Müsavat Partiyasının funksionerlərinə qarşı həyata keçirdiyi bu qanunsuz təzyiqlər Konstitusiya ilə hüququn aliliyinin bəyan edildiyi cəmiyyətdə yolverilməz olmaqla bərabər, həm də cəmiyyətdə olan gərginliyi daha da artırılmasına gətirib çıxarır. Müsavat Partiyası siyasi hakimiyyətdən insanların fundamental hüquqlarına hörmətlə yanaşmağı, Bastainfo.com saytına girişə qoyulan məhdudlaşmanın aradan qaldırılmasını Müsavat Partiyasının üzvlərinə və bastainfo.com saytının əməkdaşlarına qarşı təzyiqlərə son qoyulmasını tələb edir.