Müsavat Partiyasının başqanı Arif Hacılı ölkədə yaşanan enerji böhranına münasibət bildirib.
"İlham Əliyev enerji sisteminin çökməsinin artıq yüklənmə ilə bağlı olduğu barədə hökumətin əvvəlki versiyasını rədd etdi. Amma sual açıq qaldı. Milyonlarla vətəndaşın günlər ərzində işıqsız, susuz qalmasına, merto tunellərində stress keçirməsinə, körpələrin küvezlərdə həlak olmasına səbəb olan, dövlətə külli miqdarda maddi ziyan vuran hadisənin əsl səbəbi nədir?
Əli Həsənov uzun müddət susduqdan sonra bu hadisənin törənmə səbəblərindən danışmaq əvəzinə əcaib bir bəhanə uydurub hakimiyyətin yarıtmaz fəaliyyətinə etiraz edənlərə yükləndi. Adımızı birbaşa çəkməsə də “dövlət katibi, dövlət müşaviri vəzifələrində işləmiş şəxslər” – deyərək yenə bizi hədəf göstərdi.
Enerji sisteminin çökməsi müharibə vəziyyətində olan ölkə üçün milli təhlükəsizlik məsələsidir.
Ölkəni yenidən Rusiyadan enerji asılılığına salan bu hadisənin üzərindən “AXC- Müsavat cütlüyü 25 il əvvəl Mingəçevir elektrik stansiyası üzərinə “Dəmir Qalxan” sistemi quraşdırsaydı bu hadisə baş verməzdi” və ya Kəmaləddin Heydərovun dediyi kimi “stansiya ətrafındakı kol- kosu vaxtında biçməyiblər” -kimi gülünc iddialarla keçmək olmaz.
Hadisənin törənmə səbəbləri dəqiq araşdırılmalı, nəticələrinin aradan qaldırılması, təkrarlanmamasının təmin edilməsi üçün gərəkən işlər görülməli və bu barədə xalqa məlumat verilməlidir".