Ermənistanın baş naziri Nikol Paşinian iyulun 12-də NATO-nun Brüsseldəki qərargahında keçirilən brifinqdə deyib ki, ölkəsinin üzləşdiyi çətinliklərdən biri də “Azərbaycanın destruktiv siyasətidir”.
“Təəssüf ki, Ermənistanda demokratiyanın tərəqqisi və demokratik inqilabdan sonra Azərbaycan daha aqressiv olub və bu aqressiya təkcə Ermənistana deyil, regionumuzdakı demokratiyaya qarşı yönəlib”.
O habelə deyib ki, bu sahədə konstruktiv müzakirələrin və söhbətlərin keçiriləcəyini gözləyir.
Latviya prezidenti Raymonds Veyonislə görüşdə Nikol Paşinian deyib: “Təəssüf ki, mən baş nazir vəzifəsinə başladığım ilk günlərdən Dağlıq Qarabağla sərhəddə, habelə Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasını görmüşəm”.
Paşinian sözünə belə davam edib: “Mən xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın Ermənistana qarşı istənilən təcavüzü təkcə Ermənistana qarşı deyil, ümumilikdə demokratiyaya qarşıdır. Məncə Azərbaycan prezidenti ehtiyat edir ki, demokratik proseslər Ermənistandan Azərbayacana keçə bilər. Mənim başa düşdüyümə görə onlar demokratik dalğanın Ermənistandan Azətrbaycana keçməsinin qarşısını almaq üçün gərginliyi artırmağa çalışırlar”.
Nikol Paşinian ümid etdiyini bildirib ki, beynəlxalq icma regiondakı gərginliyi artırmaması, müharibəyə başlamaması üçün Bakıya çox güclü xəbərdarlıq siqnalı göndərəcək.
Azərbaycan tərəfdən bu açıqlamalara, hələlik, münasibət bildirilməyib. Amma hakimiyyət təmsilçiləri indiyədək sülh prosesini məhz Ermənistanın pozmağa çalışdığını, destruktiv mövqe tutduğunu vurğulayıblar.