“200 nəfərə yaxın məhbusu hər gün 2 dəfə günün altında sayırlar”
"Qiyasın həbsdə tez-tez hərarəti qalxır. Səbəb isə az qala hər gün başına gün vurmasıdır. Gündəlik yoxlama zamanı onu günün altında saxlayırlar. Yoxlama zamanı məhbusları 8 sıraya düzürlər. Sıraların 6-nın üstü qapalıdır, 2-si açıq. Qiyası həmişə məhz həmin açıq sıraya salırlar. Onun da başına gün döyür, halı pisləşir".
Siyasi məhbus Qiyas İbrahimovun anası Şura Əmiraslanova belə deyir. Bildirir ki, son günlər havaların isti keçməsi ilə vəziyyət daha da pisləşib.
"Hər gün az qala 45 dərəcə istinin altında 200-ə yaxın məhbusu iki dəfə sayırlar. Əlaqədar orqanlara üzümü tutub deyirəm və tələb edirəm, o məhbuslar cinayətkar belə olsalar, bu xalqın övladlarıdır. Onları ora islah olunmaq üçün salmısınız, yoxsa Zahid Orucun təbirincə desək, mənən öldürmək üçün? Əgər elədirsə, biz buna razı olmayıb, hər cür mübarizəyə hazır olacağıq".
Meydan TV məsələyə münasibət öyrənmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb. Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov bildirib ki, istilərlə əlaqədar cəzaçəkmə müəssisələrində məhbusların yoxlanışı maksimum 10-15 dəqiqə çəkir:
"Yoxlanış ya mağarların içində, bəzən də məhbusların saxlandığı ümumi otaqlarda aparılır. O ki qaldı sıralara, hər birinin üstü çardaqlıdır. Kimin halı pisləşirsə, ona tibbi yardım göstərilir. Qiyas İbrahimova qarşı hər hansı bir qərəzli hərəkətdən söhbət gedə bilməz. Başqa məhbuslara münasibət necədirsə, ona da o cürdür".
Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla birlikdə 2016-cı il mayın 10-da, Heydər Əliyevin heykəlinə şüar yazıldıqdan sonra həbs olunub. Onların hər ikisi qanunsuz narkotik maddələrin dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.
Q.İbrahimov və B.Məmmədov narkotik ittihamı üzrə özlərini təqsirli bilməyiblər. Məhkəmədə də deyiblər ki, keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs ediliblər.
“Amnesty International” təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib.
Hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edirlər.