Respublikaçı Alternativ Partiyası (ReAl) Ali Məhkəmə Plenumunun partiya sədri İlqar Məmmədov barəsində 29 iyun tarixli qərarını siyasi sifarişlə çıxarılmış və Məmmədovu həbsdə saxlamağı hədəfləyən bir qərar hesab edir.
İlqar Məmmədov Avropa İnsan Haqları Məhkəməsinin onun barəsində ədalət mühakimə hüququnun pozuntusunu tanıyan 16 noyabr 2017-ci il tarixli və siyasi motivlərə görə azadlıq hüququnun pozuntusunu tanıyan 22 may 2014-cü il tarixli qərarları tam icra edilərək dərhal azadlığa buraxılmalı idi. Plenum isə işin yenidən Şəki Apellyasiya Məhkəməsinə geri qaytarılması ilə bağlı qərar qəbul etməklə bir tərəfdən guya Avropa Məhkəməsinin qərarını icra etmə təəssüratı yaratmağı hədəflədi, digər tərəfdən isə siyasi hakimiyyətin verdiyi sifarişi icra etdi. Nəticə etibarilə Avropa Məhkəməsinin qərarları icra edilməməkdədir.
REAL 5 il 4 aydır Məmmədova qarşı istifadə edilən əsassız və sübuta yetirilməyən ittihamlara xitam verməyə, onu dərhal və şərtsiz azadlığa buraxmağa çağırır.