Vətənin müdafiə qabiliyyətinə ağır zərbə vururlar

Vətənin müdafiə qabiliyyətinə ağır zərbə vururlar
24 İyul 2018
Mətni dəyiş

Cəmil HƏSƏNLİ

"Ağdam və işğal altında olan rayonları azad etmək əvəzinə hökumətimiz Azərbaycan xalqı ilə savaşa girdi, düşməni deyil Azərbaycan əhalisini diz çökdürdü"

Ağdamın işğalından 25 il keçir. Onun 10 ili Heydər Əliyevin, 15 ili də İlham Əliyevin prezidentliyi dövrünə düşür. 25 il Ağdam kimi bir şəhərin, məhsuldar torpaqları, zəngin tarixi, maraqlı atət-ənənələri olan bir rayonun düşmən tapdağı altında qalması üçün kifayət qədər uzun bir dövrdür. Ağdam və işğal altında olan rayonları azad etmək əvəzinə hökumətimiz Azərbaycan xalqı ilə savaşa girdi, düşməni deyil Azərbaycan əhalisini diz çökdürdü.

Ağdamı işğal etmiş erməni ordusunu deyil, ölkənin vətəndaş cəmiyyətin darmadağın etdi, mətbuatı susdurdu, vətənpərvər gəncləri narkotikaya bulaşdırıb həbs etdi. İşğal edilmiş ərazilərin azad edilməsi əməliyyatını əlaqələndirən səyyar hərbi düşərgə deyil, siyasi məhbus düşərgəsi yaratdı İlham Əliyev. Dövlətin resursları işğalçıya qarşı deyil, demokratiya, azad seçki, islahatlar istəyən siyasi partiyalara qarşı səfərbər edildi. Nəticəsi göz qabağındadır.

Ağdam 25 ildir işğal altında qalır. Hələ bundan sonra nə qədər qalacağı da məlum deyil.Elə bu gün Müdafiə Nazirliyi məlumat yayıb ki, son bir sutka ərzində ermənilər tərəfindən atəşkəs 98 dəfə pozulub. İlham Əliyevin isə hər gün ekranlardan cəmiyyətə sırınan "Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var" rolik ritorikası öz əhəmiyyətini itirib. İnsanlarda inam qalmayıb, düşmənə əsir düşməyən Qarabağ qaziləri Əliyevlərin bank əsarətinə düşüb. Korrupsiya Ağadamın dərdini arxa plana keçirib.

Ağdam kimi şəhəri 25 il düşmən tapdağında olan bir ölkənin Müdafiə Nazirliyi sən demə Qarabağın qapısı olan bu şəhəri azad etmək üçün ayrılmış milyonlarla büdcə vəsaitlərini natəmiz yollarla London ofşorlarına keçirib. Ağdam cəbhəsini daha etibarlı silah sursatla təmin etməli olan Müdafiə Sənayesi Nazirliyi, ön cəbhədə olan ordu hissələrini daha etibarlı kəşfiyyat materialları ilə təmin etməli olan keçmiş Milli Təhlükəsizlik Nazirliyi, torpaqların düşməndən azad edilməsində Fövqəladə tədbirlər görməli olan FHN bu fövqəladə tədbirlər üçün ayrılmış dövlət vəsaitlərini London gizli hesablarına göndəriblər. Ölkə hökuməti sədrinin birinci müavini Azərbaycan ordusunun döyüş qabiliyyətini yüksəltmək üçün Rossoborondan gərəkli olan müasir silah əvəzinə, istifadəyə yararsız aşağı keyfiyyətli silah-sursat və milyonlarla dollar "otqat" alıb, hətta Azərbaycan ordusu hesabına özünə 800 min dollar/Avro dəyərində diş də düzəltdirib. Bax, belə bahalı dişlərlə bunlar ölkəni basıb yeyirlər, vətənin müdafiə qabiliyyətinə ağır zərbə vururlar, Milyonlarla vəsait hesabına alınmış yararsız silah-sursatın izin itirmək üçün ölkənin silah anbarlarında şahmatvari partlayışlar təşkil edirlər.

Belə natəmiz əməllərinə görə İlham Əliyevin yeni hökumət kabinəsində də ilk təyinatları alırlar. Əliyev rejiminin şaxələnmiş korrupsiyası Ağdama gedən bütün yolları qapatdı. Belə bir vəziyyətdə Ağdamın 25 il düşmən əsarətində qalmasına niyə təəccüblənməliyik?

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun