"Əsgər ölümlərinə yox" dediyinə görə artıq 6-cı ildir ki, həbsdə olan İlkin Rüstəmzadə həbsxanadan mesaj göndərib:
"Salam, dostlar. Artıq 6-cı ildir ki, həbsdəyəm. Və ilk dəfədir ki, özümü bu qədər gücsüz hiss edirəm. İlk dəfədir ki, dəstəyinizə bu qədər böyük ehtiyacım var. Artıq boğuluram,nəfəs ala bilmirəm. Məni burda hər gün diri-diri öldürürlər.Heç kimə tətbiq olunmayan ən sərt məhdudiyyətlər, ən xırda məsələlərə ilişmələr, gündəlik didişmək məcburiyyətində qaldığım hər cür təxribatlar. Bunlar hələ bir hissəsidir. Artıq hiss edirəm ki, gücüm çatmır. Əllərimi arxadan qandallayıb saçımı qırxdılar. Sonra zabitlərdən bir neçəsi gəldi ki, sənə qarşı yanlışlıq olub. Sənə qarşı bir də heç nə olmayacaq. Sakitlik cəmi 1 ay çəkdi. Bir aydan sonra yenə ilişmələr. Sıra yoxlamasına niyə çıxmırsan? Çıxmışam! Gəl izahat yaz. Töhmət, get. İsveçdə yaşayan qız dostuma zəng edirəm. Dərhal əməliyyatçılar gəlirlər. Bu haranın kodudur belə? Nə? İsveç?Xatalı ölkədir, olmaz. 2 ay əvvəl onurğamın üstündəki kistadan əməliyyat oldum. (Prezidentin imzalayacağı əfv sərəncamı ərəfəsi idi deyə, mərhəmət dilənçisi kimi görünməmək üçün ailəmə 1 ay sonra məlumat verdim) Həkimin mənə əməliyyatdan sonrakı sözü:”Bilirik əməliyyat olunmusan, vəziyyətin də yaxşı deyil, amma yuxarıdan tibb hissəsində qalmağına icazə verilmir.” İnformasiya çıxışım tam məhdudlaşdırılıb. Tam güclərlə üstümə gəlirlər. Və bundan sonra nə olacağını bilmirəm."
NİDA Vətəndaş Hərəkatı bildirir:
Gördüyünüz kimi İlkin Rüstəmzadə cəmiyyətə dəstək üçün müraciət edib. İlk dəfədir belə müraciət edir. Demək ki, durum ürəkaçan deyil. Bu dəstəyi müxtəlif formalarda göstərə bilərsiniz:
1. Bu məlumatı yaymaqla. Sosial şəbəkələrdə dəstək göstərməklə. Profiıl şəkillərini dəyişməklə. Məlumatın yayılması daha çox adamın bu barədə xəbərdar olması deməkdir. 2. Ailəsini ziyarət etməklə, maddi və mənəvi dəstək etməklə. Nəzərə alın ki, bu dəstək dolayısı yolla İlkinə gedib çatır. 3. Müxtəlif insan hüquqları təşkilatlarına, beynəlxalq qurumlara bu məsələyə daha çox dəstək və diqqət göstərilməsi üçün müracəit etməklə. 4. Siyasi məhbuslarla bağlı tədbirlərə qatılmaqla, siyasi məhbus probleminə birmənalı etiraz etməklə.