"Nə qədər ironik görünsə də, Öksüzün ABŞ Ədliyyə sistemindən gizlənərək, şələ-küləsini yığışdırıb Ermənistana pənah aparması faktının özü illərdir Azərbaycan xalqından oğurlanmış milyonlar hesabına Qərbdə "nüfuz satın almaq" sevdasına düşmüş Azərbaycan rejiminin və onun əlaltılarının əslində hansı dəyərlərə xidmət etdiyinin bariz nümunəsidir. Öz xalqını əz, incit, günahsızları zindana sal, haqqlarını oğurla, çikli pullarını isə gətir bu kimi oyunbazların əl ilə Qərbdə yu, hələ bu azmış kimi, arada sənə irad bildirənlərə qarşı da troll hücumları təşkil edib utanmaz-utanmaz "Xocalı", "Qarabağ" dərsi keç, sonradan ifşa olunduğunu görəndə, qaç ermənilərə sığın, orada "biznesini" davam et - budur onların mahiyyəti," son 10 ildə Azərbaycan hakimiyyətinin ABŞ-da lobbi siyasətini yaxından araşdıran, Vaşinqtonda mənziləşmiş jurnalist Ələkbər Raufoğlu "Azadlıq" qəzetinə açıqlamasında deyib.
Raufoğlunun sözlərinə görə, Öksüz son 8 il ərzində Azərbaycan hakimiyyətinin dövlət səviyyəsində ABŞ-da həyata keçirdiyi mütəşəkkil lobbi cinayətinin mərkəzində dayanmış simalardan idi.
"... Bu cinayəti o qədər dolaşıq, öz aləmlərində guya peşəkarcasına həyata keçirirdilər ki, hətta istintaq araşdırmaları kəndirin ucunu tapmaq üçün illərlə vaxt itirəsi oldu. Məlum oldu ki, bunlar təkcə Azərbaycan xalqını deyil, elə rəğbətini pulla almaq istədikləri Amerikalıları da aldadıbmışlar. Dövlət Neft Şirkətinin vəsaitlərini "öz halal pulları" adı altında sağa-sola paylayıb, ABŞ rəsmilərini əyləndirməklə məşğul idilər. ABŞ-dakı cinayətlərinə görə mühakimədən yayına bilmədilər - erməni dostları onları ABŞ Ədliyyə sistemindən qoruya bilmədi; haqlarında axtarış elan olunan kimi Yerevanda saxlanılıb ələ verildilər - bəs Azərbaycan xalqının mühakiməsindən nə vaxta qədər yayınacaqlar?" Raufoğlu sual edib.