Azərbaycanlının qatıla bilmədiyi yarışda gürcülər 3-cü olublar

Azərbaycanlının qatıla bilmədiyi yarışda gürcülər 3-cü olublar
21 Avqust 2018
Mətni dəyiş

16-18 avqust tarixlərində Meksikada robot texnikası üzrə Beynəlxalq «FIRST Global Challenge 2018» olimpiadası keçirilib.

Abzas.net Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Gürcüstan yığması olimpiadada 3-cü yeri tutmağa müvəffəq olub.

Gürcüstanı yarışlarda 3 gənc mütəxəssis təmsil edib - Sophia Kevlishvili, Lika Michelashvili, Nika Gegechkori. Bu mütəxəssislərin hər üçü Tbilisidə yerləşən Givi Zaldastanashvili adına amerikan akademiyasının tələbələridir. Komandaya rəhbərliyi müəllim İlya Mestvirishvili edib.

Gənclər birincilik uğrunda 193 ölkədən olan iştirakçılarla yarışıblar. Finala 48 komanda vəsiqə qazanıb. Olimpiadanın sonuncu və həlledici mərhələsində yığmalar hərəsində 3 komanda olmaqla blok şəklində yarışıblar. Gürcüstan Qətər və Böyük Britaniya ilə bir komandada yer alıb. Bununla belə olimpiadada birinci yeri Rumıniya, Sinqapur və Almaniyadan olan gənc mütəxəssislər tutublar.

«FIRST Global Challenge» olimpiadasında hər komandaya xüsusi hissələrdən ibarət komplekt verilir. Bu hissələrdən öncə robotu yığmaq, daha sonra isə onu proqramlaşdırmaq tələb olunur. Gürcüstan komandası yaxşı nəticə göstərmək üçün bir neçə ay məşq edib. Nəticədə Tbilisidən olan məktəblilər "Vano" adlı robotu təqdim edib.

Bu il olimpiadanın əsas çağırışı enerjinin saxlanılması oldu. 2.5 dəqiqə davam edən raund ərzində komandalar öz robotlarının qoyulan tapşırıqları necə yerinə yetirdiklərini nümayiş etdirməli idilər.

"Biz Gürcüstanı bu səviyyədə təmsil etdiyimizə görə fəxr edirik. 193 komanda arasında 3-cü yerə sahib olmaq böyük uğurdu. Bura qədər biz bir çox maneələri aşmalı olduq. Meksikaya aparan yolda biz robotumuzu itirdik. Elə yerindəcə yeni robot düzəltməli olduq. Bu bizim bir neçə saatımızı apardı. Məhz bu səbəbdən də mükafatçılar sırasına düşəcəyimizə ümidimizi itirmişdik. Əsas məqsədimiz ilk 10-luğa düşmək idi. Lakin sonradan böyük iş ortaya qoyduq və qalibiyyətə layiq olduğumuzu düşünürdük", - komandanın üzvlərindən biri yerli mətbuata müsahibəsində bildirib.

FIRST GLOBAL Challenge - robot texnikası üzrə olimpiadadır. İlk dəfə 2017-ci ildə Vaşinqtonda keçirilib. Robot texnikası yarışları amerikan QHT-si olan "Milli mühəndislik akademiyası" tərəfindən keçirilir. Keçən il yarışlara Gürcüstan da daxil olmaqla 175 ölkədən olan məktəblilər qatılıb.

Yarışların əsas məqsədlərindən biri STEAM təhsil sisteminin nümayişidir. Bu sistem riyazi elementlərin istifadəsi ilə mühəndislik və incəsənətin kəsişməsi nəticəsində elm və texnologiyanın təqdim edilə biləcəyi ideasının əsasında yaranıb.

Qeyd edək ki, həmin yarışmaya dəvət alan soydaşımız Yasin Quliyevin yarışa qatılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilib, ancaq Nazirlik bu xərci üzərinə götürməkdən imtina edib və Yasinin Meksikada keçirilən beynəlxalq yarışa qatılmasını təmin etməyib. Məlumat üçün bildiririk ki, Yasin Quliyev Azərbaycanda keçirilən "Məktəblilərarası II robot Olimpiadası"nda "Hardware Control" kateqoriyası üzrə I yerin qalibi idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun