Vəkilin bütün vəsatətləri rədd edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində avqustun 14-də AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlının mühakiməsi başlanıb.
Hakim Mahmud Ağalarovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib. Proses səhər saat 10:00-a təyin olunsa da, vaxtından saat yarım sonra başlayıb. Amma məhkəməyə heç kim buraxılmayıb. Hətta O.Baxışlının anası da.
Cəbhəçi gəncin hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edir. Vəkil hazırlıq iclasında O.Baxışlı barəsində cinayət işinə xitam verilməsi, onun ev dustaqlığına buraxılması və əlavə şahidlərin dindirilməsi barədə vəsatətlər qaldırıb. Müdafiəçi məhkəməyə bu işdə hal şahidi kimi çıxış edən şəxslərin başqa işlərdə də eyni statusda iştirakı, onların əvvəllər məhkumluğu barədə sənədlər təqdim edib.
Vəsatətlər təmin olunmayıb. Məhkəmə baxışı avqustun 24-nə təyin edilib.
[caption id="attachment_67835" align="alignnone" width="300"]
Orxan Baxışlı[/caption]
O.Baxışlı 2018-ci il mayın 6-da həbs edilib. CM-nin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, daşıma və ya satma) maddəsilə ittiham olunan gənc fəalın cibindən 6 qram heroin tapıldığı iddia olunur.
O.Baxışlı ittihamı rədd edir.
Onun yaxınları və üzvü olduğu AXCP O.Baxışlı həbsindən üç gün öncə əvvəl jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə narkotiklə şərləndiyini bəyan edib.
Cinayət Məcəlləsinin 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.