Bu gün, avqustun 22-də Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatından 18 il keçir.
Bu münasibətlə hər il avqustun 22-də Elçibəyin siyasi mübarizə yoldaşları və yaxınları onun Fəxri Xiyabandakı qəbrini ziyarət edirlər.
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində doğulub.
Ötən sərin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olub. O, Xalq Cəbhəsi təşkilatının sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib.
1993-cü ilin iyunun 4-də ölkənin ikinci şəhəri Gəncədə baş verən silahlı itaətsizlikdən sonra o, hakimiyyəti itirmək məcburiyyəti qarşısında qalmışdı. Həmin il iyunun 17-dən 18-nə keçən gecə o, Bakını tərk edərək anadan olduğu Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayıb.
Elçibəy bu addımını vətəndaş müharibəsindən yayınmaq kimi izah etmişdi.
Ə.Elçibəy 2000-ci ilin avqustun 22-də 62 yaşında vəfat edib. O, Türkiyənin Gülhanə hərbi hospitalında müalicə alırdı.
Ə.Elçibəyin birillik hakimiyyəti daha çox ölkənin təhsil ocaqlarına qəbulda test üsulunun tətbiqi və Rusiya qoşunlarının Azərbaycandan çıxarılması ilə xatırlanır.