Cəmil Həsənli
Lap bu yaxınlarda respublikada nəşr olunan qəzetlərə prezidentin ehtiyat fondundan 1 milyon manat vəsait ayrıldı. Dövlət və hökumət mətbuatı, hakim partiyanın qəzeti və onların ətrafında olan sümsük ruznamələrə altı ay üçün 60 min, 50 min, 40, 30, ən azı 20 min manat vəsait ayrıldı. İl ərzində həmin ehtiyat fondundan 100-120 min manat yardım alam bu qəzetlərin ictima fikrə zərrə qədər təsiri yoxdur. İldə büdcədən 120 min manat yardım alan qəzetin 12 oxucusu olmur. Niyə? Niyəsini bir azadan deyəcəyəm. Bu yardımdan əlavə müəllimləri, həkimləri, hətta süpürgəçiləri məcbur edirlər ki, 50-60 manat verib dövlət qəzetlərinə abuna olsunlar. Onlar da carəsizlikdən abuna olur, lakin poçtalyona əziyyət verib abunə olduğu qəzetləri almırlar. Bu qəzetlər poçtxanalarda qalağlanır və insafən heç də faydasız olmurlar. Deməli, dövlət büdcəsi və abunə pulları hesabına nəşr edilib qalağlanan həmin qəzetləri poçtxanalardan kilosu 1 manata ət bükmək üçün qəssablar, ymurtanın təhlükəsizliyin təmin etmək üçün xırda fermerlər, alça turşusu qurutmaq üçün evdar qadınlar, maşın təmiri sexlərində avtomobilləri rəngləyən rəngsazlar və sair alırlar. Bu minvalla mətbuatımız "uğurlu" iqisadi inkişafımıza qatqıda bulunur, həmin "inkişafa" özünəməxsus yollarla təkan verir.