Cəmil Həsənli
Baş nazirin müavini Əli Həsənovun nəvəsi və Dövlət sərhəd xidmətinin rəisi general Elçin Quliyevin kürəkəni Nail Allahverdiyevin həbsdən azad edilməsi ilə bağlı məsələ belədir. Deməli avqust ayının 2-də Bakı Apellyasiya Məhkəməsi avtoşluq zəminində 2 nəfəri öldürmüş və 4 nəfəri də yaralamış Nail Allahverdiyevin cəzasını yüngülləşdirib. Onun vəkili Muxtar Mustafayevin verdiyi məlumata görə, apellyasiya məhkəməsi azadlıqdan məhrumetmə şəklindəki cəza müddətini 6 ildən 5 ilə endirib. Bu zaman həbs rejimini də yüngülləşdirib və onu məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüb.
Bu, o deməkdir ki, 2 nəfəri öldürmüş və 4 nəfəri də yaralamış Nail Allahverdiyev gündə 12 saat müddətində cəzaçəkmə müəssisəsini tərk edə bilər. Amma əvvəlcə cəfəng Gülənçilik ittihamı ilə həbs edilib sonra "Əməliyyat‐axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma" və "Vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələrinə transfer edilib tamamilə saxta bir ittihamla 4 il azadlıqdan məhrum edilmiş və cəzasının 1/3-ni çəkmiş cəbhəçi gənc Fuad Əhmədli cəzasını yüngülləşdirmək məqsədi ilə məhkəməyə müraciət etdikdə, məhkəmə cəzaçəkmə müəssisəsində yatağını səliqəli yığmadığı üçün onun saxta hökmünü qüvvədə saxlamış, cəzaların humanistləşdirilməsi qərarını Fuad bəyə şamil etməkdən imtina etmişdi.
Baxın, apellyasiya məhkəməsi 2 nəfəri öldürüb 4 nəfəri yaralayan şəxsin cəzasını 1 il azaldır və onu həbs rejimini yüngülləşdirmək adı ilə məhkəmə zalaından açıb buraxır, amma yatağını səliqəli yığmadığına görə bir şəxsin mobil nömrəsini digər şəxsə verməkdə günahlandırılan ayrı bir gəncin cəzası olduğu kimi qüvvədə saxlanılır və üstəlik atası da inzibati qaydada bir ay müddətinə həbs edilir. Bu da İlham Əliyevin cəmiyyətə vəd etdiyi “hüquqi dövlət” anlayışının üz və astar tərəfi.Yəni, biz deyilik rəiyyət, bizlərə nə şəriət!