2017-ci ilin sonlarında Bakı Şəhər Təcili Yardım Stansiyasında işdən çıxarıldığını bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmovun şikayətini Ali Məhkəmə də rədd edib.
Bu haqda onun özü bildirib.
Həsrət Rüstəmovun sözlərinə görə, məhkəmənin qərarı bu gün, avqusutun 14-də ona təqdim edilib. Onun kassasiya şikayətinə Ali Məhkəmədə Qəhrəman Allahverdiyevin sədrlik etdiyi məhkəmə kollegiyası baxıb.
“Ali Məhkəməyə kassasiya şikayətimizdə aşağı məhkəmələrin qərarlarının qanunsuz olduğunu vurğulamışdıq. İşdən siyasi səbəblərlə çıxarılmağımla bağlı heç bir arqumentimiz nəzərə alınmayıb. Məhkəmələrin müstəqil araşdırma aparmaması, hətta prosesdə səsləndirilən arqument və faktlara əhəmiyyət verməməsi, nəhayət kopyalanmış qərarlar verməsi bir daha bu işin siyasi motivli olduğunu təsdiq etdi”, deyən həkim-siyasətçi hesab edir ki, ölkə məhkəmələri onun ədalətli məhkəmə araşdırması hüququnu pozublar:
“Hüquqlarımı sonadək müdafiə etməyi və mənə, ailəmə dəyən maddi-mənəvi zərərləri ödətdirməyi düşünürəm. Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət edəcəyəm”.
Onun bu açıqlamasına, hələlik, Ali Məhkəmədən va başqa məhkəmə orqanlarından münasibət almaq mümkün olmayıb.
Həsrət Rüstəmov daha əvvəl AzadlıqRadiosuna işdən çıxarılmasının detallarını açıqlamışdı. Onun sözlərinə görə, ötən il oktyabrın 3-də müxalifətin mitinqində iştiraka görə, Səbail Rayon Polis İdarəsində sorğu-sual edilib, ardınca çalışdığı Bakı Şəhər Təcili Yardım Stansiyasından çıxarılıb. Həsrət Rüstəmov işdən çıxarılmasının siyasi sifariş olduğunu bildirmişdi.
Ancaq Bakı Şəhər Təcili Yardım Stansiyası Həsrət Rüstəmovun siyasi sifarişlə işdən çıxarılması fikrini qəbul etmir, onun əmək intizamını pozduğunu iddia edib.
Bundan başqa da müxalif partiya təmsilçiləri siyasi baxışlarına görə işdən çıxarılmaları ilə bağlı şikayətləri dilə gətiriblər.
Demokratik Qüvvələrin Milli Şurası ötən ilin aprelində Bakıda etiraz aksiyası keçirmişdi. Həmin aksiyadan sonra Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olan bir neçə müəllimin işdən kənarlaşdırıldığı bildirilirdi.
Onlardan ikisi - Əflatun Əhmədzadə və onun xanımı sonradan məhkəmə qərarı ilə işlərinə bərpa ediliblər. Hər iki müəllim Neftçala rayonundakı məktəblərdə işləyirlər. Rayon təhsil şöbəsindən onların tədris qaydalarını pozduqları, siyasi loyallıq prinsipinin ziddinə olaraq, hakimiyyəti tənqid etdikləri açıqlanmışdı.
Milli Şuranın sonraki mitinqləri zamanı da oxşar qaydada işdən çıxarılmaların baş verdiyi bildirilir. Hərçənd, rəsmilər Azərbaycanda insanların siyasi əqidələrinə görə, ayrıseçkiliyə məruz qalmaları ilə bağlı deyilənləri qəbul etmirlər.