"Mənim üçün fəxr günüdür, anam dünyasını qəhrəmancasına dəyişib".
Bu gün, avqustun 6-da anasının vəfat etməsinə görə, həbsxanadan müvəqqəti evə buraxılan bloqqer Mehman Hüseynov belə deyib.
Güclü, möhkəm olduğunu vurğulayan M.Hüseynov anası ilə sonuncu dəfə bir ay əvvəl həbxanada görüşə bildiyini qeyd edib.
"1 ay əvvəl anası ilə cəzaçəkmə müəssisəsində görüşmüşdük. Görürdüm ki, durumu yaxşı deyil. Ancaq məndən gizlətməyə çalışırdı. Hər ikinci gün mənim yanıma gəlirdi. Həftənin birici günü bir az nasaz olmuşdu, həkimlər xəstəxanaya yerləşdirilməsini istəmişdi. Ancaq anam imtina etmişdi ki, ikinci gün oğlumun yanına getməliyəm. Xəstəxanada reanimasiyaya yerləşdirilmişdi, deyə, telefonla da danışa bilməmişdim", M.Hüseynov bildirib.
O, anasının ölümü ilə bağlı onu sıxan sualların olduğunu ifadə dib.
"Mənim üçün sual altındadır, anam necə oldu ki, birdən-birə dünyasını dəyişdi? Səhhəti yaxşılığa dogru gedirdisə, birdən birə necə oldu ki, bu baş verdi? Bütün bunlar mənim üçün sualdır, araşdırmaq lazımdır. Bir şey mənim üçün dəqiqdir, valideynlərlə məni sıxmaq, sındırmaq mümkün olan şey deyil. Mən dəmir kimi adamam".
Mehman Hüseynov anasının dəfnində iştirak edib-etməyəcəyinin hələ bəlli olmadığını da bildirib.
"Yolda mənə Penitensiar Xidmətin işçiləri xəbər verdilər ki, axşam saat 10-da 14 Saylı Cəzaçəkmə Müəssisəsinə qayıtmalıyam. Axşam 10-da dönməliyəm öz evimə, ora artıq mənə evim kimidir. Dəfndə iştirak edib etməyəcəyimi də bilmirəm. Görünür, yenə də mənim üçün xüsusi sürpriz hazırlayıblar, eybi yoxdur, buna da dözərik. Niyə 2-3 saatlıq buraxıblar, bunun səbəbi mənə çatmır", deyən M.Hüseynov vəkillərinin də bu haqda bilgisiz olduğunu qeyd edib.
Bloqqer anası xəstəxanada olarkən müvəqqəti evə buraxılmamasını da yada salıb.
"Biz hələ anam xəstəxanada olanda müraciət etmişdik. Normalda mən anamı sağ olanda görməli idim. Mən yenə də möhkəməm, mənim üçün qeyri-adi heç nə baş verməyib. Mənə qarşı nələr baş verib, mənim ailəmə qarşı nələr baş verir, heç nə unudulmur. Bir qardaşımı didərgin salıblar. Bir qardaşımı da Naxçıvana təyin ediblər. Atam, anam tək qalmışdı, heç birimiz onların yanında qala bilmədi", bloqqer qeyd edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Penitensiar Xidmətə istinad edərək, bildirdi ki qaydalara uyğun olaraq, M.Hüseynov rəhbərliyin icazəsi ilə saat 10.00-dan 22.00-dək istintaq təcridxanasından kənarda ola bilər. Bu gün o, cəzaçəkmə yerinə geri qaytarılacaq və sabah səhər anasının dəfin mərasimində iştrak edəcək. Cənazə saat 11.00 evdən götürüləcək
https://www.amerikaninsesi.org/a/media/4515654.html