Əli Əliyev, VİP sədri
Siyasi baxımdan əhəmiyyətli gün yaşadıq. 6 il günahsız zindan həyatı yaşamış İlqar Məmmədov ailəsinə qovuşdu, azadlığını qazandı. Hadisənin müsbət tərəfləri: - Güzəştsizliyi siyasi cizgisi elan etmiş İlham Əliyev kiçicik də olsa, geriyə addım atdı ; - İlqar Məmmədov sübut etdi ki, prinsipiallığı nahaqdan olmayıb, bu hakimiyyətə də sınmamaq mümkün imiş. Hər 2 hadisə önəm kəsb edir. Bu günkü siyasi reallıqda mühüm nəticələrə şahidlik etdik. Mənfi nəyi müşahidə etdim. Ölkədə hansı komandanın hakimiyyəti sürdüyünü unutmamalıyıq. REAL sədrindən edə biləcəyindən artığını gözləsək, təxminən bir aya bu gün gördüyümüz uğurun fiaskosunu müşahidə edə bilərik. Cəmiyyət üçün zəruri olan bu impulsa adekvat cavab olmalı, bütün işləri və məsuliyyəti bir nəfərə "yükləmək" olmaz. Fikrimcə, iqtidar yenə usta hərəkət edib. Yəqin ki, yaxın günlərdə bayramla bağlı əfv verib, gündəmi dəyişəcəklər. 2 illik şərti məhkumluq isə Məmmədovu seçki prosesindən həmin müddətə kənarda saxlaya bilər. Qarşılığında isə Almaniya kanslerində, onun timsalında dünyada pozitiv olmaları ilə bağlı ovqat formalaşdıracaqlar. Bu da onların güddükləri qazancdır, olsun. Bütün hallarda, İlqar bəyin azadlığa qovuşması ilə əlaqədar ailə üzvlərini, silahdaşlarını təbrik edir, mətanətli mövqeyi ilə cəmiyyətə iqtidardan sırınmış "Hamı satqındır!" tezisini sarsıtdığı üçün təşəkkürümü bildirirəm.