Cəmil Həsənli
İndi “uğurlu” iqtisadi siyasətdən danışmaq dəbə düşüb. Baş prokuror cinayətkarlığa qarşı mübarizədən danışmaq əvəzinə “uğurlu” iqtisadi siyasətin fəzilətlərindən danışır. Bir həftə əvvəl Respublika Hərbi Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində çıxış edən hərbi prokuror Xanlar Vəliyev ötən ilin yazında təsdiqini tapmayan ittihamla həbs edilib istintaq altında döyülərək öldürülmüş 8 zabit və hərbi qulluqçuların işini bir tərəfə qoyub “ölkəmizin bütün sahələrdə surətlə inkişafından” geninə-boluna danışıb. Bu günlərdə keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov ölkənin “uğurlu” inkişaf sürətindən vəcdə gələrək avtobus və metro nəqliyyatında gediş haqqının 50 faiz artırılmasınının infilyasiyaya gətirib çıxarmayacağını bəyan edib. DİN, Baş prokurorluq, DTX və digər qurumların açıqlamalarının mübtədası da, xəbəri də “uğurlu” inkişaf ifadəsi ilə başlayıb, bu inkişafın baş memarının İlham Əliyev olduğu vəsf edilir. Dövləti dilənçi vəziyyətinə salıb vətəndaşın 10 qəpiyinə möhtac edənlər utanıb-qızarmadan uğurlu inkişafdan danışırlar. Bunlar yerə-göyə “sığmayan”, ərşi-kürşü fəth edən “uğurlu” inkişaf strategiyasından dəm vuranda Fitch və S&P beynəlxalq reytinq agentliklərinin Azərbaycanın uzunmüddətli emitent defoltu reytinqini xarici valyutada "BB+" səviyyəsində təsdiqləyib. Bu nə deməkdir? Bu o deməkdir ki, hər iki agentlik Azərbaycan iqtisadiyyatını aşağı reytinq səviyyəsində qiymətləndirib, yəni ölkənin iqtisadiyyatı böyrü üstə düşüb. Son 3 ildə Ümumi Daxili Məhsul 2 dəfə azalıb, vətəndaşların gəlirləri 2 dəfə aşağı düşüb, manatın alıcılıq qabiliyyəti 2-3 dəfə enib, yəni 15 ildir inkişaf nağılı uydurulan ölkənin iqtisadi həyatı iflas edib, ölkə iqtisadiyyatı, qeyri-neft sektoru, xüsusiylə kənd təsərrüfatı defolt həddinə yaxınlaşıb. Bu necə iqtisadi möcüzədir, necə iqtisadi uğurdur? Vətəndaşa 130 manat, yəni 77 dollar minimum pensiya, ondan beş-altı sent artıq minimum əmək haqqı verib “uğur” hekayəsi uydurmaq sərsəmlikdir, kəmağıllıqdır, gözə kül üfürməkdir. Adını Milli qoymuş Akademiyanın aliminə ayda 250-300 manat donluq verib analoqsuz inkişafdan danışmaq bir az abırsızlıqdır. Büdcə talançılığı, şaxələnmiş korrupsiya, total monopoliya, şəbəkələşmiş rüşvət hesabına bunlar özləri “uğurlu” iqtisadi tərəqqiyə nail olublar, milyarderə çevrilib, dünyanın bahalı şəhərlərində malikanələr alıblar, əvəzində aç millətə “inkişaf” nağılı danışırlar. Regionların inkişafına 50-60 milyard “xərcləyib” kəndlini bir çörəyə möhtac ediblər, enerji sahəsi 5-6 milyard “xərcləyib” ölkənin enerji sistemin çökdürüblər, milyardlarla vəsait “xərclənmiş” metronun qatarları yarı yolda dayanır, inkişaf simvolu kimi təqdim edilən xəstəxanası xəstələrlə birlikdə yanır, ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək üçün ayrılmış büdcə vəsaitləri natəmiz yollarla ofşor hesablara köçürülür, xarici borcların həcmi ÜDM-in həcminə yaxınlaşır və hələ bunlar utanıb-qızarmadan inkişafdan danışırlar. XXI əsrdə 200-250 milyard neft gəlirləri olan ölkədə minimum və orta əmək haqqı Ermənistan və Gürcüstanla müqayisədə 2 dəfə aşağıdır. Ritorik “uğur” hekayəsi uydurmaq əvəzinə, buna görə utanmaq lazımdır cənablar!
Yazı müəllifin Facebook səhifəsindən götürülüb