'7 illik fasilədən sonra ölkədən çıxışıma imkan verdilər''
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin ölkədən çıxşına qoyulan qadağa avqustun 20-də götürülüb.
Bu barədə Oqtay Gülalıyev Tiflisə gedərkən “Sınıq körpü”dən “Facebook” səhifəsində məlumat paylaşıb.
O, 7 il ölkədən çıxışına qadağa qoyulduğunu bildirib:
“7 illik fasilədən sonra ölkədən çıxışıma imkan verdilər. Haqqımda açdıqları qondarma cinayət işinə görə xeyli vaxt idi ki xarici pasport ala və ölkədən çıxa bilmirdim. Bu gün sərhədlərimizdən kənara çıxa bildim”.
Oqtay Gülalıyev barəsində axtarış 2012-ci il aprelin 8-də onun həbsindən sonra hakimiyyət orqanlarına tabe olmamağa və kütləvi iğtişaşlara təhrik etmə ittihamı (AR CM-in 220.2-ci maddəsi) üzrə açılmış işlə bağlı elan edilib.
O, bildirib ki, cinayət işi Sabirabad Rayon İcra Hakimiyyətinin və paytaxtda korrupsiyaya uğramış yüksək vəzifəli məmurların təşəbbüsü ilə bu rayonun polisində saxtalaşdırılıb. Amma Prezident Administrasiyasının müdaxiləsindən sonra o, elə həmin il iyunun 13-də Sabirabad rayon məhkəməsinin qərarı ilə azad edilib. 2012-ci il iyunun 13-də məhkəmədə Oqtay Gülalıyevə qarşı ifadə verənlər yalançı şahidlik etdiklərini etiraf ediblər.
Həbs edildiyi zaman Oqtay Gülalıyev Kürətrafı 8 rayonun daşqından ziyan çəkmiş sakinlərinin hüquqlarının müdafiəsi ilə məşğul olan “Kür” Vətəndaş Cəmiyyəti qərargahının koordinatoru idi.