“Bu gün – 14 avqust 2014-cü ildə Şimal bölgəmizdə yas məclisinə getmişdim, sərhəd keçid məntəqəsinin yaxında olduğunu düşünüb, xərcsiz ötüşdüyünü nəzərə alıb, sərhəd buraxılış məntəqəsinə getdim. Heç hara getmirdim, yoxlanış edirdim, necə deyərlər, hüququmu test edirdim. Keçib dərhal geri dönəcəkdim. Buraxmadılar, sərhəd idarəsinə gətirdilər, nələrisə dəqiqləşdirib, bir müddət sonrav “baş prokurorluq çıxışınıza qadağa qoyub” izahı ilə məni geri göndərdilər”.
24saat.org xəbər verir ki, bunu jurnalist Şahvələd Çobanoğlu bildirib. O qeyd edir ki, 2014-cü ilin sonundan ölkədən çıxışına qadağa qoyulub.
“Ölkəmdə olmaqdan həmişə sevincliyəm, amma hüquqlarım illərdir pozulub. Həm də ağır nəticə doğuraraq. Bir nəticə sağlıq durumumla bağlıdır. 2014-cü ildə Türkiyədə müayinə olundum, müalicə başlandı, amma ölkədən çıxışıma qadağa qoyulması ilə hər şey dayandı. Detallarını yazmaq mənə xoş deyil, həm də elə çıxmasın ki, mənim ölkədən sərbəst çıxış hüququm “xəstəyəm, getməliyəm” dəlili üzərində qurulmalıdır. Mən humanizmə çağırışı etmirəm. Mənim hüquqlarım pozulur. Sağlıq durumum tam normal olsa belə, hökumətin bizimlə belə davranmaq haqqı yoxdur. Və eyni durumda olduğumuz bir çox insanın eyni hüququ pozulur” – deyə jurnalist bildirib.