Hakimiyyət nəhayət həbsdə görmə qabiliyyətini, demək olar ki, itirmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimova tibbi yardım göstərilməsi haqqında müraciətlərə reaksiya verib.
Qlaukomadan əziyyət çəkən müxalifətçi avqustun 4-də Akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda əməliyyat olunub.
"Atamın sağ gözünü əməliyyat ediblər. Əməliyyat saat yarım davam edib. Sarğını sabah (avqustun 5-də) açacaqlar. Amma həkimlər deyiblər ki, atam hələ bir həftə görməyəcək. Bu müddətin sonunda görmə qabiliyyəti bərpa olunmalıdır", deyə T.İbrahim bildirib.
Əməliyyatdan sonra M.İbrahimovu Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə qaytarıblar.
Məmməd İbrahimov artıq 2 il 10 aydır xuliqanlıq ittihamı ilə həbsdədir. Həbs müddətinin başa çatmasına iki ay qalır. O, ittihamları təkzib edib və siyasi motivli adlandırıb. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.