Azər Qasımlı
XƏZƏRİN STATUSU
Xəzərin statusunu müəyyən etmək üçün xarici işlər nazirlərinin müavinləri səviyyəsində 52 görüş, xarici işlər nazirləri səviyyəsində 12 görüş, prezidentlər arasında dörd sammit keçirilib, bir sözlə 20 ildən çox vaxt lazım olub...
İlk növbədə Rusiya-Türkmənistan qarşıdurması Xəzərin statusu ilə bağlı razılıq əldə etməyə hər zaman maneçilik törədib. Türkmənistan AB-nin dəstəyi ilə Rusiyadan yan keçməklə Xəzərin dibi ilə Qərbə, sonra Avropaya uzanan qaz kəmərinin çəkilməsini istəyib. Rusiya da buna qarşı çıxıb. İndi isə tərəflər qəti tələblərindən imtina edib, bölgü ilə razılaşıblar. Həmçinin Xəzərin orta xətt prinsipi üzrə bölgüsündən də imtina edilib. Bu, dənizin mərkəzində yerləşən neft yataqları uğrunda Türkmənistanla daima mübahisə edən Azərbaycanın mövqeyini daha uduşlu edərdi...
NƏTİCƏ
İlk öncə onu deyim ki, hər hansı tərəfi birtərəfli qaydada uduzan və ya udan tərəf adlandırmaq mümkün deyil. Bu saziş kompromislər sazişidir və gələcək layihələrə həm qırmızı, həm yaşıl işığı yandıra biləcək imkanında olan anlaşmadır.
Rusiya transxəzər boru kəmərinin çəkilməsinə veto hüququndan imtina edib. Bundan sonra Rusiyanın yalnız “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında protokola” istinad edərək Azərbaycan və Türkmənistan sektorundan keçən transxəzər qaz kəməri layihəsinin realizasiyasına nəzəri cəhətdən mane olmaq imkanları var. Bir sözlə bu məsələdə qeyri müəyyənlik imzalanan sazişdən sonra da hələ də qalmaqda davam edir və istənilən qərar siyasi (geosiyasi) konyekturadan asılı olacaq.
Digər tərəfdən ABŞ-ın son sanksiyalarından sonra həm Rusiya, həm İran üçün təhlükəsizlik məsələləri mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə xarici hərbi bazalarının Xəzər dənizində yerləşdirilməsinə yol verməməyə çalışır. Söhbət təbii ki, əsasən ABŞ-dan gedir. Bu vəziyyət də konvensiyada qeyd olunub.
Bir sözlə Xəzərin statusunda əsas qarşılıqlı güzəşt nöqtələri yuxarıda sadaladığım iki məsələdədir.
MERKEL-PUTİN GÖRÜŞÜ
Putin və Merkelin görüşü zamanı əsas müzakirə mövzusu məhz qaz tədarükü məsələsi, yəni “Şimal axını – 2” layihəsi olub. “Şimal axını” qaz kəmərinin illik buraxıcılıq qabiliyyəti 55 milyard kub metr təşkil edir. “Şimal axını – 2” layihəsi mövcud qaz kəmərinin gücünü iki dəfə artırmağa imkan yaradacaq.
AB transatlantik ticarət münasibətlərində polad və alüminiuma qoyulan rüsumların artırılması, NATO-da problemlər, Rusiya və Çinin daha aqressiv olduğu bir vaxtda Almaniya kansleri Angela Merkel qlobal nizamın təzyiq altında olduğunu açıq şəkildə bəyan edir! Almanlar deyirlər ki, hətta soyuq müharibənin ən pis dönəmində belə onlar SSRİ-dən qaz alıblar. Lakin Reyqandan bu yana avropalıların ruslardan qaz alması ABŞ-ın heç vaxt xoşuna gəlməyib. Məsələ həm siyasi, həm iqtisadidir. Qərbi Avropanın Rusiyadan daha çox asılı vəziyyətə düşməsi ABŞ-ın ürəyincə deyil. Digər tərəfdən də ABŞ-ın sanksiyalara əl atmağa hazır olması, o cümlədən də Trampın Avropaya daha çox maye qaz satmaq istəyi ilə əlaqəlidir. Lakin Almaniya hökuməti layihəni dəstəkləyib, İsveç və Finlandiya isə tranzitə icazə verib. Bundan sonra layihəni dayandırmaq üçün Trampın Qazpromun iştirak etdiyi projelərə qatılan şirkətlərə (Almaniyanın “Uniper” və “Wintershall”, Niderlandın “Shell”, Avstriyanın “OMV” və Fransanın “Engie” şirkətləri) qarşı sanksiya tətbiq etməsi gözlənilən davranışdır. Bununla da ABŞ-la Avropa müttəfiqləri arasında münasibətlər daha da pozulacaq...
“Şimal axını – 2” layihəsinin Xəzərin statusu və transxəzər boru kəməri ilə bilavasitə əlaqəsi olmasa da, dolayısı ilə hər ikisi cari geopolitik gündəm masasının üzərindədirlər. Hər iki məsələ qarşılıqlı kompromisin obyekti ola bilər. Əgər “Şimal axını – 2” ilə bağlı Rusiya-Almaniya tandemi baş tutsa “Transxəzər qaz kəməri” layihəsinin gerçəkləşməsi mümkündür. Bu Rusiyanın “Şimal axını – 2” üçün verdiyi güzəşt olacaq. Xəzərin statusu da artıq buna imkan verir.