Əli Əliyev
Son günlərin ən aktual mövzusu olan Azərbaycanın KTMT-yə üzvlüyü məsələsi, məni narahat edir. Səbəbini anlaya bilmirdim ki, özünün yaxın dövr üçün əsas problemləri həll etmiş bir iqtidar nədən belə manevr etsin? Burada bir kələk, yaxud şəxsi mənada təhlükə olduğu qənaətindəyəm. Pulları və qalan sərvəti, əksər hallarda ailə üzvlərinin hamısı Qərbdə olan bir hakimiyyətin Rusiyaya belə açıq reveransının səbəbi nə ola bilər? Bir ehtimalımı bölüşmək istərdim. Yaramaz və boş "arqumentlər"lə əsaslandırılmasına çalışılan mətbuat nümunələrində, Şimala doğru çağlayan məhəbbətin maddi əsasları mütləq mövcuddur. İqtidar özünə Qərbdən təhlükə duymağa başlayıb. İrəvanda həbs olunmuş hakimiyyət lobbiçisi Kamal Öksüz, ABŞ da həbsdə dindirilən Rza Zərrab, AŞPA nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun cəzalandırılması, ölkədə törədilən cinayətlərin ört basdır edilməsinə ən böyük dəstək verən Rusiya və Türkiyə iqtidarlarının ABŞ hədəfində olması səbəblər sırasında ola bilər. Son günlər dəstəkçi mətbuatda Rusiyaya yaxınlaşma tezislərini ehtimal olunan Qərb, xüsusən də ABŞ təzyiqlərinin profilaktikası üçün sifariş verildiyini düşünürəm. YAP bu yolla "Moskvaya tərəf qaçaram!" görüntüsünü yaradır. Amma təhlükə real olsa, qaçma ehtimalları da yüksəkdir. Xeyli cinayətlərə müəlliflik etmiş heyətin belə edəcəyi mümkün və yüksək ehtimallı sayılmalıdır. Ona görə də, cəmiyyətimiz sayıq olmalıdır.