Penitensiar Xidmət: “Qanunvericilikdə məhbusun yalnız yaxın qohumları ilə görüşünə heç bir problem yaradılmaması göstərilib”
6 il azadlıqdan məhrum olunan jurnalist Əfqan Muxtarlı etibarnamə verdiyi dostları ilə görüşə bilmir.
Hazırda 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalistin dostları bu barədə Penitensiar Xidmətin rəhbərliyinə müraciət etsələr də, cavab verilməyib.
Bu barədə Meydan TV-yə NİDA-nin koordinatoru Samir Əsədli deyib.
Onun sözlərinə görə, may ayından jurnalist müəssisədə saxlanılır, əvvəl dedilər ki, rəis məzuniyyətdə olduğundan bir az gözləyin:
“Artıq o, məzuniyyətdən qayıdıb, indi də deyirlər ki, Penitensiar Xidmətin rəhbərliyi Əfqan Muxtarlıyla görüşə icazə vermir. Hətta jurnalist müəssisə rəhbərliyinə müraciət edib, amma reaksiya yoxdur”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqlələr üzrə katibi Mehman Sadıqov Meydan TV-yə deyib ki, qanunvericilikdə məhbusun yalnız yaxın qohumları ilə görüşünə heç bir problem yaradılmaması göstərilib.
O, bildirib ki, digər məsələlər müəssisə rəhbərliyinin səlahiyyətində olduğundan heç nə deyə bilməz.
Əfqan Muxtarlı dövlət sərhədini qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmək barədə ittihamlarla 6 il müddətinə azadlıqdan məhrum edilib.
Ə.Muxtarlı özü bildirib ki, o, 2017-ci ilin mayında Tbilisinin mərkəzində Gürcüstanın polis işçiləri tərəfindən saxlanılıb və Azərbaycan nümayəndələrinə təhvil verilib.
Amnesty İnternational təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb