Borcum yoxdur, bu, mənim ilk evimdir
O, Meydan TV-yə belə yaşamağın çətin olduğunu söyləyir. Deyir, övladlarından ikisi məktəblidir, onlara belə şəraitsizlikdə dərslərinə hazırlaşmaq çətindir: “Yenə yayı birtəhər yola vermək olur. Qarşıdan qış gəlir. Nə edəcəyimi bilmirəm. Dəfələrlə Ucar rayon Elektrik Şəbəkəsinə müraciət etmişəm. Deyirlər, borcunuz var, sayğac quraşdıra bilmərik. Halbuki borcum yoxdur, bu, mənim ilk evimdir. Daha öncə onların abonenti olmamışam, harada yarandı bu borc?” Müasir dövrdə işıqsız ev, yaşayış olar? R. Hacıyev deyir ki, himayəsində üç övladı var. Onlardan ikisi məktəblidir. İşıq yoxdur, dərs oxumaqları mümkün deyil. Digər övladı isə kiçikdir, 3 yaşı var: “Bunun çimməyi var, yaşamağı var, uşaqdı, başını da qata bilmirik heç cürə. Müasir dövrdə işıqsız ev, yaşayış olar? Bəli, mənim atamın sayğacında xeyli borc yığılıb. Ancaq mən atamın himayəsində deyiləm, atam mənim himayəmdə deyil. Biz ikimiz də müstəqil insanlarıq. Onun mənə, mənim ona aidiyyatım yoxdur. Atam özü bilər, mənim günahım nədir? Bu etdiklərinin qanunazidd olduğunu deyirəm. Elektrik Şəbəkəsinin rəisi Şahmar İbrahimov deyir ki, mən belə üsuldan istifadə edirəm, get, hara istəyirsən, şikayət et. Bilmirəm başıma haranın daşını salım”. Asan Xidmət “159 manat ödə, sayğac al dedi” Ruslan Hacıyev evinin elektrik sayğacı ilə təmin edilməsi üçün Mingəçevirdəki Asan Xidmətə də müraciət edib: “Dedim, vəziyyət budur. Atama görə mənim evimə sayğac quraşdırılmır. Halnbuki atam Mürsəl Hacıyevin evi, təsərrüfatı ayrı, mənim evim, təsərrüfatım tam ayrıdır. Əgər atam Mürsəl Hacıyevin istifadə etdiyi elektirik enerjisinə görə borcu varsa, onun mənim evimə, ailəmə aidiyyatı olmamalıdır. Onsuz da borca görə atamın evinə elektrik enerjisinin verilməsi dayandırılıb. Asan Xidmətdə mənə bildirildi ki, Ucar Elektrik Şəbəkəsinə müraciət et. 159 manat ödədikdən sonra onlar qanuni qaydada sizin evə elektrik sayğacını tətbiq etməlidirlər. Ancaq Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov atamın borcunu əsas gətirib bizim evə elektirik sayğacı vermək istəmir”. İbtidai insanlar kimi yaşamağa məhkum olmuşuq Hazırda qaranlıqda yaşadıqlarını söyləyən R.Hacıyev buna görə iki övladının məktəbdə geri qaldıqlarını deyir: “Şam işığında dərslərini hazırlamaqda məktəbli övladlarım əziyyət çəkirlər. Buna görə onların gözləri kor ola bilər. Onlar qaranlıqda necə dərslərini hazırlaya bilərlər? Hələ mən elektirik enerjisi omadan yaşamağın çox-çox əziyyətli olmasını demirəm. İbtidai insanlar kimi yaşamağa məhkum olmuşuq”. Borcunu ödəməsə, sayğac quraşdıra bilmərik Meydan TV məsələyə münasibət öyrənmək üçün Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Şahmar İbrahimovla əlaqə saxlayıb. O, Ruslan Hacıyevin sayğac üçün onlara müraciət etdiyini təsdiqləyib. Ancaq həmin ailənin 1500 manata yaxın elektrik enerjisi borcu olduğu üçün evlərinə sayğac quraşdırılmadığını söyləyib: “Bəli, indi özünə ayrıca ev tikib. Ancaq dünənə qədər atası ilə eyni sayğacı istifadə edirdi. Birgə istifadədən 1500 manata yaxın borcu yaranıb, ödəmir. İndi də yeni tikdiyi evə ayrıca sayğac quraşdırılmasını istəyir. Biz də borcunu ödəməsə, bunun mümkün olmadığını söyləyirik. O da bizi dinləmir, başlayır dövlət qurumlarına, jurnalistlərə müraciət etməyə. Hətta Asan Xidmətə də müraciət etdi. Ordan da “borcunu ödəməsən, mümkün deyil”, - cavabını aldı. Yenə əl çəkmir. Əlinə keçən yerə yazır, pozur. Anlamır ki, yazıb, pozmaqla deyil, fakt borcu var, ödəməsə olmaz”. Fakt borcu var, ödəməlidir Şahmar İbrahimov deyir ki, həmin şəxs özünə yeni ev tikib deyə, bu, onu borcdan azad etmir. Digər sayğaca borcu yığıb. İndi yenisini istəyir: “Hardan bəllidir, bu dəfə vaxtlı vaxtında ödəniş edəcəyi? Deyir, atam mənlik deyil, mənim evim yenidir. Ev yeni ola bilər, amma vətəndaş eynidir axı. Borcu varsa, sayğac quraşdıra bilmərik. Heç olmasa, pulun bir qismini ödəyib, razılaşdırma protokolu imzalanmalıdır. Belə etsə, biz qalan borcu aylara bölərik, yavaş-yavaş ödəyər. Ancaq bu adam heç nə etmək istəmir. Borca görə qapısına gedəni də yaba ilə qatır qabağına ki, öldürəcəyəm. Qanun qanundur, hamı üçün birdir. Fakt borcu var, ödəməlidir”.