Ali Məhkəmə Fikrət Fərəməzoğlunun həbs müddətini bir il azaldıb

Ali Məhkəmə Fikrət Fərəməzoğlunun həbs müddətini bir il azaldıb
26 Sentyabr 2018
Mətni dəyiş

Ali Məhkəmə sentyabrın 26-da Hafiz Nəsibovun sədrliyi ilə jam.az saytının rəhbəri Fikrət Fərəməzoğlunun (İbişbəyli) kassasiya şikayətinə baxıb.

Jurnalist 2016-cı ilin iyulunda pul tələb etmə ittihamı ilə (CM-in 182-ci maddəsi) həbs edilib.

2017-ci il iyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsi Fərəməzoğlunu 7 il müddətinə azadlıqdan məhrum edib. Ötən ilin sentyabrında məhkəmə hökmü qüvvədə saxlayıb.

İstintaqın versiyasına görə, Fərəməzoğlu müxtəlif kommersiya obyektlərinin sahiblərindən pul tələb edib. Amma, jurnalistin özünün iddiasına görə, bu obyektlərin altında əxlaqsızlıq yuvaları gizlənirdi, o da öz materiallarında bu barədə yazırdı.

Vəkil Elçin Sadıqov bugünki təhqiqatda bildirib ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində təhqiqat qanun pozuntuları ilə keçirilib.

Birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmayıb və jurnalistin təqsirsizliyinin isbatına yönəlmiş vəsatətlərin heç birini təmin etməyib. Jurnalistin işgəncələrlə bağlı şikayətlərinə məhkəmələr baxmayıb. Apellyasiya Məhkəməsi də müdafiə tərəfin vəsatətlərini təmin etməyib.

Fərəməzoğlunun ifadələri altındakı imzalar saxtalaşdırılıb. Həmçinin, şahidlərdən birinin imzası saxtalaşdırılıb, o, məhkəmədə bildirib ki, ifadələri imzalamayıb.

Vəkil həmçinin qeyd edib ki, "cinayətin" törədildiyi anda İbişbəyli ölkədə olmayıb, amma məhkəmə Dövlət Sərhəd Xidmətinə bu faktın yoxlanılması üçün sorğu göndərilməsi haqqında vəsatəti təmin etməyib.

Müdafiə tərəfi hesab edir ki, istintaqın qərəzli olmasından başqa, işdə səhih dəlillər yoxdur və o, jurnalistə bəraət verilməsini xahiş edir. Amma prokuror Ramiz Alverdiyev əvvəlki instansiyaların qərarlarını qüvvədə saxlamağı xahiş edib.

Nəticədə, Ali Məhkəmə hökmü qismən yumşaldıb. Belə ki, "böyük ziyan vurulması" ittihamı ləğv edilib. Beləliklə, Ali Məhkəmə azadlıqdan məhrumetmə cəzasının müddətini 7 ildən 6 ilə qədər azaldıb.

Müdafiə tərəfi Ali Məhkəmənin qərarı ilə razı deyil və Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə verəcək. Jurnalistin həyat yoldaşı Faiqə Növrəsli bildirib ki, Avropa Məhkəməsində Fərəməzoğlunun işgəncə ilə bağlı şikayətlərinin araşdırılmasına başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun