Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədlriyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Fuad Əhmədlinin şikayətinə ilkin baxış olub. Məhkəmə baxışı oktyabrın 4-nə təyin edilib.
Fuad Əhmədli özü məhkəmədə iştirak edib.
Fəalın atası Zəfər Əhmədli Turan-a bildirib ki, vəkil Əsabəli Mustafayev vəkillik fəaliyyətindən bir il müddətinə uzaqlaşdırıldığına görə Fuad Əhmədli müdafiəsiz qalıb.
"Bu səbəbdən məhkəmə heyəti ona dövlət vəkili təyin edilməsi barədə qərar qəbul edib".
Fuad Əhmədli 17 avqust 2016-ci ildə "əməliyyat-axtarış fəaliyyəti haqqında qanun normalarını pozmaq", xüsusən, "Azərfon" mobil rabitə şirkətinin istifadəçilərinin şəxsi məlumatlarını yaymaq ittihamı ilə həbs edilib. Bundan başqa, ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadədə ittihamı elan olunub. Əhmədli 2017-ci il iyunun 16-da 4 il müddətinə azadlıqdan məhrum edilib. Həmin il avqustun 17-də apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə də 2018-ci il martın 6-da gənc fəalın işinə baxıb və hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Fuad Əhmədli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.
Fəal cəzasının üçdə ikisini çəkdikdən sonra 2018-ci ilin iyulunda Bakının Suraxanı rayon Məhkəməsinə vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında müraciət edib. Müraciətə 16 saylı Cəzaçəkmə Müəssisəsində keçirilən səyyar iclasda hakim Elçin Ağayevin sədrliyi ilə baxılıb və təmin edilməyib.
Cəzaçəkmə müəssisəsinin rəhbərliyi F.Əhmədlinin vaxtından əvvəl azadlığa buraxılmasına qarşı çıxıb və fəalın hələ islah olunmadığını bildirib.
"Müəssisənin ictimai həyatında aktiv iştirak etmir, özünə qapanır, az ünsiyyətdə olur, yatağını bir dəfə səliqəsiz yığıb", cəzaçəkmə müəssisəsinin təmsilçisi məhkəməyə belə deyib. Məhkəmə də bunu əsas tuataraq, fəalı azadlığa buraxmayıb.
Fuad Əhmədli Suraxanı rayon Məhkəməsinin bu qəraraından apellyasiya şikayəti verib.