Apelyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlayıb
Versal Apelyasiya Məhkəməsi Azərbaycanın fransız jurnalistlərə qarşı deffamasiya ittihamı üzrə işə baxılmamasına dair aşağı məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb. Məlumatı “BBC Azərbaycanca” yayıb.
Fransız jurnalist Elise Luset "France 2" televiziya kanalının "Cash Investigation" (nağd pul araşdırmaları) verlişində Azərbaycanı "diktatorluq" adlandırmışdı. O, Azərbaycanı "dünyanın ən amansız diktatorluqlarından biri" kimi təsvir edib.
Azərbaycan hökuməti hesab edir ki, jurnalistlər ölkəni "diktatorluq" adlandırmaqla böhtana yol verib. Buna görə də, 2015-ci ilin sentyabrında yayımlanan verlişdən dərhal sonra şikayət edib.
Başqa bir radio yayımında isə jurnalist Laurent Riçard Azərbaycanın "diktatorluq" və Prezident İlham Əliyevin "zülmkar" olduğunu deyib.
2017-ci ildə Fransa məhkəməsi Azərbaycanın qaldırdığı diffamasiya ittihamını rədd edib.
Nanterre Cinayət Məhkəməsi birinci instansiyada qərar vermişdi ki, Azərbaycanın şikayəti "qəbulolunmazdır" və ölkə şəxs qismində çıxış edə bilmədiyindən “Diffamasiya haqqında” qanundan yararlana bilməz.
"Əgər Apelyasiya Məhkəməsi qərar verirsə ki, zərərçəkən tərəf ölkə olanda burda diffamasiya cinayəti ola bilməz, bu, ədalətin inkar edilməsidir və eyni zamanda antisemitizm və rasizm də daxil olmaqla bütün təhqirlərə yol açır", - Azərbaycan tərəfinin vəkili Oliver Pardo AFP-yə deyib.
Fransanın ictimai yayım şirkəti olan “France Televisions” və jurnalist Elise Lusetin vəkili Yuliyette Feliks deyib ki, o, məhkəmənin "mətbuatın ölkələrin hərəkətlərini və siyasətlərini tənqid etməkdə tamamilə azad olduğunu" təsdiq etməsini gözləyib.
Elise Luset öz “Facebook” səhifəsində qərara münasibətini paylaşıb:
"Azərbaycan bu gün Laurent Riçardın çox gözəl nağd pul araşdırmasına qarşı apelyasiya məhkəməsini uduzub. Məlumat vermək azadlığı qalib gəldi! Bu işdə dəstəyinizə görə, hamınıza təşəkkür edirəm".