Onlar Rusiya silahından "daha yaxşıdır"
Onlar Rusiya silahından "daha yaxşıdır"
İsrailin müdafiə naziri Aviqdor Liberman prezident İlham Əliyev və güc qurumlarının rəhbərlərilə görüşmək məqsədilə Azərbaycana gəlib.
Azərbaycan İsraillə yaxşı münasibətlərə malik nadir müsəlman ölkələrindəndir və uzun müddətdir ki, İsraildən silah alır.
Ekspertlər hesab edir ki, hazırkı səfər də silah sahəsində əməkdaşlığın növbəti mərhələsi ilə bağlıdır.
Aviqdor Liberman Azərbaycandan öncə sentyabrın 12-13-də Gürcüstan və Ermənistanda olarkən prezidentlər, müdafiə nazirləri və kəşfiyyat xidmətlərinin başçıları ilə görüşüb.
Rəsmi dövlət agentliyi Azərtac və Müdafiə Nazirliyi hələ ki, Bakıdakı görüşlərin təfərrüatlarını açıqlamır və BBC nə nazirlik, nə də ki, Prezident Administrasiyasından ətraflı məlumat ala bilib.
Azərbaycan Rusiyadan başqa, İsrail də daxil, bir neçə ölkədən silah idxal edir.
Hərbi ekspert polkovnik-leytenant Üzeyir Cəfərovun dediyinə görə Azərbaycan artıq illərdir ki, İsraildə istehsal edilən silah və texnikaya maraq göstərir.
"Azərbaycan gizlətmir ki, İsrail silahı populyardır və daha əvvəl də özünü doğruldub, - ekspert deyir. Belə ki, 2016-cı ildə Azərbaycan təxribata cavab olaraq erməni tərəfinə çoxlu problem yaradan müasir İsrail dronlarını istifadə etmişdir".
Onun sözlərinə görə, tank əleyhinə Spike sistemləri də özünü yaxşı göstərib.
Üzeyir Cəfərov deyir ki, Libermanın səfəri gedişatında da silahlar barədə yeni qərarlar qəbul olunacaq.
Hərçənd ki, müvafiq məlumatı yalnız ilin sonunda, ölkələrin silah barədə BMT-ə verilən hesabatından öyrənmək mümkün olacaq.
Ekspert hesab edir ki, Rusiyadan alınan silaha nisbətdə İsrail texnikası daha keyfiyyətlidir.
O, istisna etmir ki, İsraillə davam etdirilən sıx əməkdaşlıq "bəzi qonşuları qıcıqlandıra" bilər, amma Azərbaycana təzyiq vasitələri yoxdur.
"İsrailin İranla münasibətləri gərgindir və İsrailin Türkiyə ilə də çətin məqamları olub", - Üzeyir Cəfərov deyir.
SSRİ-in dağılmasından sonra Türkiyə Azərbaycanın əsl müttəfiqi və yaxın tərəfdaşı olub. İranda isə böyük sayda etnik azərbaycanlılar yaşayır.
"Azərbaycanın İsraillə diplomatik əlaqələri var ki, bu, müsəlman dövlətləri arasında o qədər də çox yayılmayıb", - politoloq və Azərbaycanın Rusiyada sabiq səfiri və politoloq Hikmət Hacızadə deyir.
"İran və bəzi ərəb ölkələri belə əməkdaşlığa çox qısqanclıqla yanaşa bilər, ancaq onlar heç nə edə bilmir, həm də Azərbaycanın pulu var və o, silah almağa hazırdır", - o əlavə edir.
Hikmət Hacızadə hesab edir ki, nə Rusiya ilə sözdə yaxşılaşan münasibətlər, nə də ki, Türkiyə ilə uzun və isti əlaqələr bu qərara təsir göstərə bilməz.
Azərbaycanın Rusiyadan silah idxal etdiyini və bunu davam etdirmək niyyətində olduğunu deyən ekspertin sözlərinə əsasən, Bakının qərarı daha çox keyfiyyət yox - siyasi amillərlə bağlıdır və buna görə də İsrail silahı Rusiya silahına rəqib sayıla bilməz.
2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərindən ilk böyük neft gəlirlərinin daxil olmasından sonra Azərbaycan öz hərbi xərclərini kəskin şəkildə artırıb və o, hazırda 1,76 mlrd. dollar təşkil edir.
2005-ci ildə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. O, minaatan, atıcı silahlar, zirehli texnika və yaylım atəşi sistemləri kimi müxtəlif silah növlərini istehsal edir.