Baş Prokurorluq REAl Partiyasının sədri İlqar Məmmədovun baş prokuror Zakir Qaralova müraciətinə cavab verib.
Cavabı prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov göndərib. Cavab məktubunda REAL liderinin müraciətinə baxıldığı qeyd edilir.
Yazılır ki, İ.Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrum olunub. Şəki Apellyasiya Məhkəməsi isə 2018-ci ilin avqustunda İ.Məmmədovun vəkillərinin apellyasiya şikayətini qismən təmin edib. Hökm qismən dəyişdirilib və İ.Məmmədun cəzasının çəkilməmiş 1 il 5 ay 21 günlük hissəsi 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.
"Qanuni qüvvədə olan göstərilən məhkəmə qərarı ilə Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə məhkum olunmağınıza dair birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı hesab edilmişdir. Qeyd olunanlarla əlaqədar sizə izah edilir ki, Cinayət- prosessual Məcəlləsinin 409-ciu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək hüququnuz vardır", məktubun sonunda yazılır.
REAl lideri prokurorluğun cavabı ilə bağlı şərhində yazıb ki, hüquqlarının pozuntusunun nəticələrinin aradan qaldırılması üçün qanun çərçivəsində bütün addımların atılacağını ifadə edib. O, eyni zamanda cinayətin ört-basdır edilməsinin özünün də cinayət olduğunu, bununla bağlı Cinyaət Məcəlləsində maddə olduğunu qeyd edib.
REAl Partiyasının sədri sentaybrın əvvəlində baş prokuror Zakir Qaralova müraciət etmişdi. Avqustda həbsdən azadlığa buraxılmış siyasətçi müraciətində həbs edilməsi ilə ona münasibətdə cinayətə yol verildiyini vurğulamış, bu əməldə iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunmasını tələb etmişdi.
İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.
Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) ötən il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.
AİHM İ.Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.
Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq, onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.--0--
Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə avqustun 13-də İ.Məmmədov azadlığa buraxılıb. O, 2 il sınaq müddəti şərti ilə azadlığa buraxılıb.