Ağ Ev çərşənbə axşamı elan edib ki, prezident Donald Tramp karyeralı diplomat Irli Litsenbergeri Amerikanın Azərbaycandakı yeni səfiri postuna namizəd kimi seçib.
Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.
Əgər namizədlik təsdiq olunarsa, E.Litsenberger Bakıya gələcək. O, ötən ilə qədər ABŞ-ın NATO-da daimi nümayəndəsi olub. Qeyd edək ki, E.Litsenbergerin namizədliyinin irəli sürülməsi Azərbaycanda ölkənin Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olması ilə bağlı ciddi müzakirələrin başlanmasına təsadüf edir.
Karyeralı diplomat Litsenberger hazırda ABŞ Dövlət Departamentində Siyasi və Hərbi Məsələlər Bürosunda baş müşavirdir.
E.Litsenberger öz karyerası ərzində Almaniya Marşal Fondunun baş elmi əməkdaşı, Əfqanıstanda NATO nümayəndəsinin müavini, ABŞ-ın Belqraddakı səfirliyində missiya rəhbərinin müavini, Birləşmiş Ştatların Qırğızıstandakı səfirliyində missiya rəhbərinin müavini kimi çalışıb.
Fransız, rus, serb və bolqar dillərini bilir.
Xatırladaq ki, ABŞ-ın Bakıdakı səfiri postu bu ilin martından vakant olaraq qalır.