"Həbsimin birinci səbəbi 2013-cü ilin prezident seçkilərində iştirakıma imkan verməməkdir və məni siyasətdən kənarlaşdırmaqdır". Bu barədə REAL Partiyasının lideri İlqar Məmmədov həbsdən azad edildikdən sonra sentyabrın 4-də keçirdiyi ilk mətbuat konfransında bildirib.
Həbsin siyasi motivi olması Avropa İnsan Hüquqları Məhkəməsində də təsdiqlənib. Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozulduğunu müəyyən edib. Məhz bu qərarın icra edilməməsinə görə AİHM və Avropa Şurası Konvensiyanın 46-cı maddəsilə Azərbaycana qarşı xüsusi prosedura başlayıblar. Bu, Avropa Şurasının tarixində ilk hadisədir.
İ.Məmmədov öz vəkili, işi AİHM-ə qədər aparan Fuad Ağayevin xidmətlərini xüsusi olaraq qeyd edib. O, özlərini riskə ataraq onu müdafiə edən digər vəkillər - Xalid Bağırov, Cavad Cavadov, Şəhla Hümbətovaya təşəkkürünü bildirib. Hətta X.Bağırov Vəkillər Kollegiyasından xaric edilib.
İ.Məmmədov deyib ki, tam bəraət almasına, həmçinin onun barəsində qanunsuz qərarların qəbulunda əli olan 19 hakimin cəzalandırılmasına nail olacaq.
İ.Məmmədov deyib ki, siyasi mübarizəni davam etdirəcək və REAL Partiyası ilə birlikdə parlament və prezident seçkilərində iştirak edəcək.
REAL hakimiyyətə real alternativ olduğunu ortaya qoyur və ölkənin idarə edilməsinə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır.
Ötən beş ildə ölkədəki iqtisadi duruma toxunan İ.Məmmədov deyib ki, bir çox göstəricilər, məsələn, iqtisadi artım, investisiyaların həcmi, xarici borc artımı və s. üzrə Azərbaycan qonşuları Ermənistan və Gürcüstandan geri qalır.
Məhz həmin müddətdə hakimiyyət öz tənqidçilərini susdurmaq məqsədilə kütləvi repressiyalar həyata keçirib. Lakin tənqidi səslərin təqib edilməsi əhalinin həyat səviyyəsinin yaxşılaşmasına səbəb olmayıb.
"Nə qədər ki azadlıqlar təmin olunmayıb, alternativ fikrə hörmət edilmir, irəliləyiş olmayacaq. Jurnalistlərin, fəalların həbsi həyat səviyyəsinin çiçəklənməsinə və yüksəlməsinə gətirib çıxarmayıb", - REAL lideri vurğulayıb.
O, iqtisadi göstəricilərin dünyada neftin qiymətinin enməsi səbəbindən pisləşməsi barədə hakimiyyətin arqumentlərini tutarlı hesab etməyib. "Hökumət dünyadakı hadisələrə hazır olmayıb və öz strategiyasını yalnış olaraq neftin yüksək qiyməti üzərində qurub", - İ.Məmmədov deyib.
O, hakimiyyəti xarici borcu 10 mlrd. dollara çatdırmaqda ittiham edib. Deyib ki, bu vəsait şübhəli layihələrə sərf edilib. İ.Məmmədov vəziyyətdən çıxış yolunu iqtisadi və siyasi islahatlarla, rəqabət mühitinin yaradılmasında, azad seçkilərin keçirilməsində, məhkəmələrin müstəqilliyinin təmin olunmasında görür.
Ölkədə dəyişikliklərə nail olmaq üçün çox şey vətəndaşların fəallığından və təşəbbüskarlığından asılı olacaq.
Etiraz mitinqlərinin keçirilməsi mövzusuna toxunan İ.Məmmədov bunun mənasız olduğunu deyib.
"İlham Əliyev bu mitinqlərdən istifadə edərək deyir ki, bizdə demokratiya var", - o qeyd edib və əlavə edib ki, aksiya lazımi məqamda keçiriləcək ki, "xalqa fayda, rejimə zərər versin". O, bu cür aksiyaya nümunə kimi mayın 28-da Bakının mərkəzində keçirilən yürüşü göstərib. Respublikaçılıq dəyərlərinin tərəfdarları paytaxtın mərkəzini bürümüşdı.