Bu il yeni tədris ilinin başlaması ilə İran Azərbaycanında mədəni fəallar məktəblərdə uşaqlara Azərbaycan türkcəsində kitablar paylayıb. Güneyli fəallar bu kampaniya ilə azərbaycanlıların ana dilində təhsil hüququnun təmin olunmamasına diqqət çəkməyə çalışıb. Milli Dirəniş Hərəkatının nümayəndəsi Babək Çələbiyanlı Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə ana dilində təhsil hüququ, İran Azərbaycanının bölgələrində durum və ABŞ-ın İranla bağlı siyasətindən danışıb.
Amerikanın Səsi: Babək bəy, bu il milli fəallar hansı işləri görüblər? Keçən il müraciət qəbul olunmuşdu. Bu müraciət çox böyük rezonans yaratmışdı. Bu il ana dilində təhsil tələbi ilə hansı işlər görülüb?
Babək Çələbiyanlı: Nə yazıq ki, bu il də azərbaycanlılar öz dillərində oxuya bilmədilər. Baxmayaraq ki, demək olar ki, 90 ildən çoxdur azərbaycanlılar özəlliklə də öz dilində təhsil hüququnu tələb edirlər. Bununla bağlı çeşidli fəaliyyətlər olub. Dediyiniz kimi, keçən il milli fəallar bu haqda dövlətə, prezidentə, Milli Məclisə müraciət etmişdi. Bu il də Azərbaycan milli fəalları özəlliklə də Ərdəbil bölgəsində türkcə kitabları Azərbaycan öyrəncilərinə paylayıblar. Keçən bir həftənin içində geniş səviyyədə istər Təbrizdə və Ərdəbil şəhərində türcə kitabları yaymaqla öz etirazlarını bu şəkildə İran rejiminə bildirirlər. Hamımız, istər xaricdə, istər daxildə olan azərbaycanlılar ümid edirik ki, bizim insanlarımız, bizim öyrəncilərimiz, tələbələrimiz də öz ana dillərində bir gün təhsil alsınlar.
Amerikanın Səsi: Babək bəy, bir neçə il bundan əvvəl İran parlamentinin azərbaycanlı millət vəkilləri də bu təşəbbüsə qoşulmuşdular və hətta prezident Həsən Ruhaniyə müraciət göndərmişdilər. Bunun bir nəticəsi oldumu?
Babək Çələbiyanlı: Əlbəttə ki, buna bənzər cəhdlər hər zaman olub. Bu onu göstərir ki, Azərbaycan milli fəallarının fəaliyyətləri genişləndikcə, İran rejimi bunu öz güvənliyinə, təhlükəsizliyinə bir xətər görür. Ona görə millət vəkillərinin vasitəsilə, istər valilərin, ya da ustandarın vasitəsilə o basqını azaltmaq üçün boş vədlər verilir. Əlbəttə ki, buracan istər prezident, istərsə də milli məclisdə olan bütün nümayəndələrin verdiyi bütün vədlərin hamısının yalan olduğunun şahidi olmuşuq. Hər hansı bir əməli, ya da ciddi addıma şahid olmamışıq.
Amerikanın Səsi: Babək bəy, hazırkı dövrdə İranda insanların etirazları, siyasi və iqtisadi etirazları artıb. Xüsusilə də iqtisadi etirazlar artıb. Bu dövrdə, bu məqamda azərbaycanlıların mövqeyi nədən ibarətdir? Ümumiyyətlə, Azərbaycan vilayətlərində durum haqda nə söyləmək olar?
Babək Çələbiyanlı: Bilirsiniz ki, bu ilin may ayında Amerika nüvə sazişindən geri çəkildi və onun arxasınca İrana qarşı iqtisadi təzyiqlər tətbiq olundu və bu da istər-istəməz İranda iqtisadiyyata ciddi şəkildə təsir qoyur. Və özəlliklə, Azərbaycan bölgəsində də insanlar bir qeyri-müəyyənlik durumunu yaşayır. Orada danışdığımızda insanlar “sabah nə olacaq?” onun fikrindədirlər. Heç bəlli deyil ki, hər hansı bir savaş baş verəcək, yeni bir razılaşma əldə ediləcək və yaxud başqa şeylər. İnsanlarla danışdığımızda hamısı demək olar ümidlərini kəsiblər. Artıq heç kim ümid etmir ki, indiki rejim onların gələcəyi üçün, onların iqtisadiyyatı üçün bir iş görə bilsin. Onun üçün də ümumi xalqı nəzərə aldığımızda onlar çox gərgindirlər. Əlbəttə, Azərbaycan milli fəalları da bu şəraitdən istifadə etməyə çalışırlar. Biz bunu başa düşməliyik ki, İran rejimi bizim xalqın səadəti üçün hər hansı bir iş görməyəcək. Əgər bir iş görülməlidirsə, Azərbaycan milli fəalları, Azərbaycan insanları özü meydanda olmalıdır, öz haqlarını, hüquqlarını özləri bərpa etməlidir. Yoxsa İran rejimi keçən qırx ildə də göstərib ki, azərbaycanlıların hüquqlarına hər hansı bir sayqı və hörmət göstərmir.
Amerikanın Səsi: Babək bəy, Tramp administrasiyası İranla bağlı fərqli kurs yeridir. Birləşmiş Ştatlar nüvə sazişindən çıxdı. Bir neçə gün öncə prezident Tramp BMT kürsüsündən dünya liderlərinə müraciət etdi və İranın təcrid olunması siyasətinə çağırdı. Yəni İrana qarşı siyasi təzyiqlər də artır. Tramp administrasiyasının bu siyasətində milli azlıqlara hansı yer verilir, xüsusilə də azərbaycanlılara?
Babək Çələbiyanlı: Bilirsiniz ki, Tramp dönəmində İrana qarşı siyasət istər-istəməz İrana təsir göstərib və ciddi təsir buraxıb. Bu arada, istər-istəməz etniklər, yəni qeyri-fars millətlər bu şəraitdə həm təsirləniblər, həm də onlar üçün mənə görə yaxşı meydan açılıb. Keçmiş prezident Obama dövründə bu şərait qeyri-fars millətlərinə yaranmamışdı. Amma indi belə görünür ki, Tramp administrasiyası özəlliklə də qeyri-fars millətlərə geniş səviyyədə meydan verir. Və bu arada da Azərbaycan milli fəallarına, özəlliklə qeyri-fars nümayəndələrin üzərinə düşər ki, necə bu fürsətdən, necə bu şəraitdən öz millətinin milli çıxarları istiqamətində istifafə edə bilsin. Biz də burada çalışırıq ki, öz millətimizin, öz xalqımızın haqq səsini dünya ictimaiyyəti, özəlliklə Amerika Birləşmiş Ştatları ilə paylaşaq. Orada 30-40 milyon Azərbaycan türkü yaşayşır, amma buna baxmayaraq, biz ibtidai hüquqlarımızdan da məhrumuq, ana dilimizdə, iqtiasadiyyatda, ictimai məsələlərimizdə, mədəni məsələlərimizdə ciddi şəkildə ayrı-seçkilik var. Bu da 21-ci əsrdə qəbul oluna bilən bir məsələ deyil. Azərbaycanlıların da haqqı var ki, başqa özgür millət kimi bir özgür dövlətləri olsun, demokratik bir dövlətləri olsun, azadlıqla yaşasınlar, rifah içində yaşasınlar. Bunun üçün əlbəttə, çalışmalıyıq, zəhmət çəkməliyik, gecə-gündüz, içərili-eşikli əl-ələ verməliyik ki, öz millətimizi bu şəraitdən qurtaraq.
Amerikanın Səsi: Babək bəy, eyni zamanda, Tramp administrasiyası bildirir ki, əsas məqsəd İranda rejim dəyişiklikliyinə nail olmaq deyil, İran rejimini öz davranışını dəyişməyə vadar etməkdir. Əgər İran rejimi öz davranışını dəyişsə, o zaman azərbaycanlıların tələbləri-Azərbaycan dilində təhsilin təmin olunması, Urmiyə gölünün qurumasının qarşısının alınması kimi tələblərin yerinə yetirilə biləcəyini gözləmək olarmı?
Babək Çələbiyanlı: Yox, olmaz. Yəni kəsinliklə deyirəm, olmaz. İran rejimi keçən qırx ildə göstərib ki, onlar mahiyyətən qeyri-fars millətləri, özəlliklə, azərbaycanlılara qarşı baxışları insani baxış deyil. Onlar bizlərə eyni səviyyədə vətəndaş olaraq baxmırlar. Bizi, daha doğrusu, türk olduğumuzu qəbul etmirlər və buna görə də bizə məktəbdə dil haqqı tanımırlar. Deyirlər “siz farssınız, dilinizi türklər dəyişib türksüz, türkdilli farssız”. Ona görə də bu haqqı bizə tanımırlar. Onlar bizə, bizim kimliyimizə, bizim varlığımıza sayqı göstərmədiyi halda onlardan nə dil haqqı gözləmək olar, nə iqtisadiyyat haqqı gözləmək olar, çünki orada aşırı bir fars milliyətçiliyi hakimdir o rejimin içində. Ona görə baxsanız, bütün iqtisadiyyatda o sərmayələrin çoxu fars bölgələrinə yatırılır, amma Azərbaycan bölgələri gün-gündən kasıblaşır, həm iqtisadi sahədə, həm də istər ətraf mühit sahəsində. Urmu gölü qurumaq üzrədir. İranın öz rəsmi nümayəndəsi dedi ki, “Urmu gölü quruyursa, Təbriz yoxdur”. O dedi ki, “mən qorxutmaq üçün demirəm”. Yəni İranın öz rəsmi nümayəndəsi bunu dilə gətirdi. Təəssüf ki, qırx ildə İran rejiminin mahiyyəti bizə göstərib ki, onlar hər hansı bir şəraitdə azərbaycanlıların hüquqlarını tanımayacaq, məgər ki, azərbaycanlılar hüquqlarını özləri bərpa etsinlər. Dünyanın basqısı, təzyiqi İranın üzərində nə qədər olursa olsun, bu, o nəticəyə səbəb olmaz ki, onlar qeyri-fars, ya da azərbaycanlıların hüquqlarını rəsmən tanısın. Məgər ki, azərbaycanlıların özləri meydanda olub, öz hüquqlarını özləri dirçəltsin.
Amerikanın Səsi: Babək bəy, siz bu yaxınlarda Amerika Konqresində dinləmədə iştirak etdiniz, orada bu məsələləri, Azərbaycanın tələblərini, azərbaycanlıların problemlərini dilə gətirdiniz. Sizin Amerika rəsmiləri ilə, xüsusilə də Konqres nümayəndələri ilə görüşlərinizdə bu məsələləri dilə gətirdiyinizdə, bu məsələləri onlara danışdıqda reaksiyaları necə olur?
Babək Çələbiyanlı: Maraqlıdır ki, baxmayaraq ki, ümumi baxış belədir ki, Amerika İran daxilində baş verən məsələləri detallı bilir, amma mən orada olduğumda doqquz senator və konqresmenlə danışdığımda çox maraqlı idilər ki, bu qədər azərbaycanlının icması varsa, onların niyə haqları, hüquqları yoxdur. Bizdən daha çox detallar istədilər. Azərbaycanlıların iqtisadiyyatı, əhalisi, haqqı-hüququ, Urmu gölü məsələsi ilə bağlı əlimizdə olanları, yəni gerçəkləri, Azərbaycanın durumu ilə bağlı müxtəlif hesabatları konqresmenlər və senatorlara göndərdik. Bu görüşlər və əlaqələr davam edir. Çalışıram bir azərbaycanlı olaraq, Azərbaycan övladı olaraq millətimizin haqqını, hüququnu, haqq səsini Amerika rəsmilərinə çatdırım və digər Qərb dövlətləri, demokratiyaya dəyər verən insanlar, azadlığa dəyər verən qruplar, qurumlarla iş birliyimiz olsun, bəlkə azərbaycanlılar da bu əsrdə azad və demokratik bir ölkəyə yaşasınlar.