6 Sentyabr 2018
Mətni dəyiş
Sentyabrın 5-də Urmiyədə azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimi qardaşı Rəhman ilə birlikdə Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.
Bacı və qardaş ETTELLAT-ın Urmiyə Şöbəsinin təcridxanasına aparılıb, lakin Rəhman Qasimi 2 saat işgəncələr altında dindirildikdən sonra sərbəst buraxılıb. Ulduz isə hələ də ETTELLAT-da saxlanılır, onun vəziyyəti barədə dəqiq məlumat yoxdur.
Fəalın yaxınlarının GünAz TV-yə verdiyi məlumata görə, o Azərbaycan uğrunda canını fəda etmiş şəhid Fərzad Əsədpurun anım mərasimində iştirak etdiyi üçün saxlanılıb.
Məlumata görə, ETTELLAT əməkdaşları Ulduz Qasimiyə məcburi etiraf vermək üçün təzyiq göstəriblər, lakin xanım fəal onların qondarma suallarının heç birinə cavab verməyib.
Qeyd edək ki, təhlükəsizlik qüvvələri sentyabrın 4-də Ulduz Qasimini saxlamaq məqsədi ilə onun ata evinə hücum çəkib.
ETTELLAT əməkdaşları məhkəmə hökmü təqdim etmədən zorla evə daxil olaraq axtarış aparıblar. Axtarış nəticəsində fəala aid bir çox kitab və evdə olan elektron irtibat (kommunikasiya) vasitələri məmurlar tərəfindən götürülüb.
Polis əməkdaşları Ulduz Qasiminin anasına bir çağırış vərəqəsi göstərərək Ulduzun sentyabrın 5-də “Doqquz Təpə” Polis İdarəsinin təhlükəsizlik bölümünə müraciət etməsini istəyiblər. Fəalın anasına təhdid edilərək bildirilib ki, Ulduz təyin olunan vaxtda Polis İdarəsinə müraciət etməsə, bunun bədəbi ağır olacaq.
Axtarış aparılarkən fəalın ata evi və qonşu ailələrdə qorxulu anlar yaşanıb.
Ulduz Qasimi atası evinə hücum çəkildiyi zaman İnstaqram səhifəsində Urmu gölü kənarında çəkdirdiyi şəkilini paylaşıb.
Ulduz Qasimi bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.