REAL Partiyasının sədri İlqar Məmmədov ona qarşı sifarişləri yerinə yetirən hakimlərə qarşı cinayət işi qaldırılması tələbi ilə baş prokuror Zakir Qaralova müraciət edib.
İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı rayonunda baş verən etirazlardan sonra kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti təmin edilməyib.
Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) ötən il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.
AİHM İlqar Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İlqar Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.
Bundan sonra Ali Məhkəmənin Plenumu bu işə yenidən baxaraq, onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərib.
Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə bu il avqustun 13-də İlqar Məmmədov 2 il sınaq müddətinə şərti azadlığa buraxılıb.
REAL lideri baş prokurora ünvanladığı müraciətində yazır:
“AİHM 2014-cü il oktyabrın 13-də qüvvəyə minmiş qərarı ilə müəyyən edilib ki, mənə qarşı 2013-cü il fevralın 4-dən tətbiq edilən və sonralar müddəti uzadılan həbs qətimkan tədbirinin əsl məqsədi “məni susdurmaq ya da cəzalandırmaq” olub. AİHM-in qənaətincə, mənim azadlığım cinayət törətməkdə əsaslı şəkildə şübhəli bilindiyimə görə deyil, fərqli məqsədlərlə məhdudlaşdırılıb”.
Məmmədov hakimlərin onun azdlığını qəsdən məhdudlaşdırdığını iddia edir.
“Cinayət Məcəlləsinin 295-ci maddəsi hakimlərin bilə-bilə hökm, qətnamə, qərardad, qərar çıxarmasını cinayət əməli kimi tanıyır və buna görə cəza nərəzrdə tutur. Cinayət Prosessual Məcəlləsinin (CPM) 204.1-ci maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxslərin məlumatları yazılı, şifahi şəkildə ola bilər. CPM-in 207-213-cü maddələri isə belə məlumat əsasında cinayət işinin başlanması qaydalarını təyin edir.
Fiziki şəxs olaraq, yuxarıdakıları rəhbər tutaraq, törədilmiş bu cinayət haqqında sizi məlumatlandırıram: mənə qarşı cinayət əməli törədilib və bu cinayət nəticəsində özümü zərəçəkmiş hesab edirəm. Bu cinayət əməlində iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün müvafiq addımlar atmagınız Azərbaycan qanunvericiliyi ilə tələb olunur”, REAL lideri baş prokurora müraciətində qeyd edir.
REAL Partiyasının sədri sentyabrın 4-də keçiridiyi mətbuat konfrandında onun işinə 19 hakimin baxdığını və hakimlərin çıxardığı qərarların Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən tanınmadığını bildirib.
Məmmədov ona qarşı bilə-bilə qanunsuz qərarlar çıxaran hakimlərin məsuliyyətə cəlb edilməsi üçün sonadək mübarizə aparacağını bəyan edib.
REAL liderinin bəyanatına və baş prokurora müraciətinə rəsmi qurumlar hələ münasibət bildirməyib.
Beynəlxalq hüquq müdafiəçiləri Azərbaycanda müstəqil məhkəmə sisteminin olmadığını və hakimlərin hökumətin nəzarətində olduğunu bildirir.
Vaşinqtonda qərargahlanan Freedom House təşkilatı Azərbaycan haqda yaydığı hesabatda mövcud məhkəmə sisteminin “korrupsioner, səmərəsiz və tamamilə icraçı orqana itaətkar” durumda olduğunu vurğulayır.
Azərbaycanın üzv olduğu Avropa Şurası Parlament Assambleyası dəfələrlə rəsmi Bakını məhkəmə sistemində islahatlar aparmağa və onun müstəqilliyinə təminat vermək üçün ölçülər götürməyə çağırıb.