Firəngiz Hüseynovanın ölümü ilə bağlı rəyin ailə üzvlərinə verilmədiyi deyilir
Həbsdə olan bloger Mehman Hüseynov anası Firəngiz Hüseynovanın ölümü ilə əlaqədar zərərçəkmiş qismində tanınmasını istəyir. M.Hüseynov saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsindən bununla əlaqədar prokurorluğa müraciət edib. Bu barədə onun qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov bildirib.
Sentyabrın 8-də Beynəlxalq Jurnalist Həmrəyliyi Günü münasibətilə media nümayəndələri Mehman və Emin Hüseynovların anasının məzarı önünə toplaşıblar.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bildirib ki, F.Hüseynovanın ölümünün səbəbi haqda tibbi rəy bugünə qədər onun ailə üzvlərinə verilməyib. Bu da müəyyən şübhələr yaradır: “Firəngiz Hüseynovanın hər iki oğlu söz azadlığına qarşı mübarizələrinə görə analarının yanında ola bilmədilər. Bu mənada, biz Firəngiz xanımı da söz azadlığının qurbanı hesab edirik və onun məzarı önünə toplaşmaq qərarını verdik”.
E.Hüseynov da qeyd edib ki, xəstəxanada anasının durumu normallaşdığı halda, qəfildən niyə pisləşdiyi, nədən öldüyü barədə hələ də rəsmi sənəd ala bilməyiblər. Onun sözlərinə görə, prokurorluqda anasının ölümü ilə bağlı araşdırma aparıldığı deyilsə də, heç bir məlumat verilmir.
E.Hüseynov əlavə edib ki, anasının ölümü ilə bağlı tibbi sənədləri əldə edəndən sonra onları xaricdə müstəqil tibbi ekspertlərə təqdim edib rəy almağa çalışacaqlar.
Bloger M.Hüseynovdan öncə onun atası Rafiq Hüseynov da həyat yoldaşının ölümü ilə əlaqədar prokurorluğa ərizə göndərib. F.Hüseynovanın ailə üzvləri həmçinin o, xəstəxanada saxlandığı günlərdə oradakı kamera görüntülərinin alınıb tədqiq olunmasını tələb edirlər.